Hindistan və Çin sərhədində keçən həftə qarşıdurma olub

Hindistan keçən həftə qüvvələrinin Çin əsgərlərinin Hindistan ərazisinə daxil olmaq cəhdinin qarşısını aldığını və bunun şərqdəki Arunaçal Pradeş vilayətində mübahisəli sərhəd boyunca toqquşmaya səbəb olduğunu bildirib.

Bu, 2020-ci ildə Himalay sərhədinin başqa bir hissəsində 20 Hindistan və 4 Çin əsgərinin ölümünə və münasibətlərin kəskinləşməsinə səbəb olan qarşıpdurmadan sonra Asiyanın iki nəhəng ölkəsi arasında ən ciddi qarşıdurmadır.

"Dekabrın 9-da Çin qoşunları Tavanq sektorunun Yantsı bölgəsindəki faktiki nəzarət xəttinə müdaxilə edərək status-kvonu birtərəfli qaydada dəyişdirməyə çalışıb" - deyə, müdafiə naziri Rajnat Sinq çərşənbə axşamı parlamentə bildirib.

Onun sözlərinə görə, qarşıdurma baş verib və "Hindistan ordusu cəsarətlə Xalq Azadlıq Ordusunun ərazimizə keçməsinin qarşısını alıb və onları öz postlarına çəkilməyə məcbur edib".

Nazirin sözlərinə görə, toqquşma zamanı Hindistan əsgərləri arasında ölən və ya yaralanan olmayıb.

Pekin toqquşma ilə bağlı şərh verməyib, lakin sərhəddə vəziyyətin sakit olduğunu bildirib və Hindistanı "Hindistan-Çin sərhədində sülh və əmin-amanlığı birlikdə qorumağa" çağırıb.

"Bizim anladığımız qədər Çin-Hindistan sərhədindəki vəziyyət ümumilikdə dinc və sabitdir. Hər iki tərəf sərhədlə bağlı məsələlərdə diplomatik və hərbi kanallar vasitəsilə fasiləsiz əlaqə saxlayır," Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin Pekində keçirdiyi gündəlik brifinqdə deyib.

Hindistanlı nazirin sözlərinə görə, Hindistan hərbi komandirləri dekabrın 11-də çinli həmkarları ilə görüşərək, onlardan sülhü qorumağı iştəyib.

Son qarşıdurma Yeni Dehli tərəfindən idarə olunan, lakin Pekinin də iddia etdiyi Arunaçal Pradeş vilayətinin Tavanq sektorunda baş verib.

İki Asiya nəhənginin əsgərləri arasında 2020-ci ilin iyununda qərbdə Ladaxda baş verən ölümcül atışmadan sonra Hindistan və Çin sərhədində qeyri-sabitlik mövcuddur.