Hindistanın cənubunda daşqınlar səbəbindən 25 nəfər həyatını itirib

Təbii fəlakət xidmətləri rəsmilərinin bildirdiyinə görə, Hindistanın cənub ştatlarında güclü musson yağışları və daşqınlar nəticəsində azı 25 nəfər ölüb, minlərlə insan xilas edilərək, yardım düşərgələrinə aparılıb.

Son iki gündə Telanqana ştatında azı 16, qonşu Andhra Pradeşdə isə 9 nəfər ölüb.

Telanqananın təbii fəlakətlərə qarşı mübarizə və yanğınsöndürmə xidmətinin baş direktoru Y. Naqi Reddi France Press xəbər agentliyinə son 24 saat ərzində 400 millimetr yağıntı olduğunu bildirib.

Telanqanada 3800-ə yaxın insan xilas edilib və yardım düşərgələrinə köçürülüb.

Hindistanın Hərbi Hava Qüvvələri bazar ertəsi bildirib ki, hər iki ştata 200-dən çox xilasetmə işçisi və 30 ton təcili yardım çatdırıb.

Yağışlar hər il böyük dağıntılara səbəb olur. Lakin ekspertlər iqlim dəyişikliyinin hava şəraitini dəyişdiyini və ekstremal hadisələrin sayını artırdığını deyir.

Keçən həftə qərbdəki Qucarat ştatında üç gün ərzində azı 28 nəfər həyatını itirib.

Avqust ayında daşqın və sürüşmələrə məruz qalan Şimal-şərqdəki Tripura vilayətində 20-dən çox insan ölüb.

Hindistanla qonşu Banqladeşdə eyni müddət ərzində daşqınlar azı 40 nəfərin həyatına son qoyub, 300 minə yaxın sakin təcili olaraq sığınacaqlara yerləşdirilib.