Rusiya Prezidenti Vladimir Putin Vaqner qrupunun muzdlularına qiyamlarından sonra Rusiyada birlikdə xidmət etmək imkanı təklif edib. O bunu cümə axşamı günü axşam dərc olunan müsahibəsində deyib.
Rusiyanın gündəlik Kommersant qəzetinə müsahibə verən Putin deyib ki, bu onun ötən ay, Vaqnerin Rusiya ordusunun rəhbərliyinə qarşı qiyam cəhdindən beş gün sonra 30-dan çox döyüşçü və Vaqnerin təsisçisi Yevgeni Priqojin ilə keçirdiyi görüşdə irəli sürdüyü bir neçə təklifdən biri olub.
Bu təklifə əsaəsn, döyüşçülər hazırkı komandirlərinin rəhbərliyi altında döyüşməyə davam edəcəklər. Qəzet həmin komandiri sadəcə olaraq “Boz Saç” ləqəbi ilə tanıdıb.
Putin həmçinin deyib ki, özəl hərbi birləşmələr üçün qanunvericilik bazası yaratmaq Rusiya hökuməti və parlamentinin səlahiyyətindədir.
Kommersant bildirib ki, Putin Kremldə 35 Vaqner döyüşçüsü və Priqojinlə görüşündən və onlara gələcək üçün seçimlər, o cümlədən 16 aylıq komandirlərinin nəzarəti altında qalmağı təklif etməsindən bəhs edib.
“Onların hamısı bir yerə toplanıb, xidmətlərini davam etdirə bilərdi. Və heç nə də dəyişməzdi. Onlara bütün bu müddət ərzində həqiqi komandirləri olan həmin adam rəhbərlik edəcəkdi,” Kommersant prezidentdən sitat gətirib.
Putin ordunun baş komandanı olduğu üçün, belə görünür ki, o, onların Rusiya ordusunda qalacaqlarına işarə edib, ancaq bunu açıq-aşkar deməyib.
“Onların çoxu mən bunu deyəndə başları ilə razılıq işarəsi etdilər,” Kommersant Putindən sitat gətirib.
Ancaq Priqojinin razılaşmadığı bildirilib.
“Priqojin dinləyəndən sonra: Yox, oğlanlar belə bir qərara razı olmazlar, dedi” Kommersant Putindən sitat gətirib.
Vaqner döyüşçüləri Rusiya ordusunun Ukraynanın şərqində irəliləyişində mühüm rol oynayıb və may ayında aylarla davam edən döyüşlərdən sonra Baxmut şəhərinin ələ keçirilməsinin arxasındakı aparıcı qüvvə olub.
Ancaq Priqojin davamlı olaraq ordunu onun adamlarını dəstəkləməməkdə günahlandırıb və Müdafiə Nazirliyinin müharibə aparmaq şəklindən narazı qalan Vaqner döyüşçüləri iyunun 23-də ölkənin cənubunda yerləşən Rostov-na-Donu şəhərinin nəzarətini ələ keçirərək, Moskvaya doğru irəliləməyə başlayıblar.
Onlar bir gün sonra, Priqojinlə birlikdə Belarusa yerləşmələrini təmin edən təklif alandan sonra Moskvaya yürüşlərini dayandırıblar. Priqojinə qarşı ititham irəli sürmək düşüncəsi isə aradan qaldırılıb.
Putin qəzetə bildirib ki, Vaqnerin indiki formada fəaliyyətini davam etməsi ehtimalı yoxdur.
“Vaqner mövcud deyil,” Putin Kommersant-a deyib. “Özəl hərbi təşkilatlarla bağlı qanun yoxdur. Sadəcə olaraq mövcud deyil.”