Fransada bıçaqlı şəxs məktəbə hücum edərək müəllimi öldürüb - 20 yaşlı çeçen əsilli bir şəxs və onun qardaşı saxlanılıb

Fransanın şimalındakı Arras şəhərində bir şəxs bıçaqla məktəbə hücum edib. BFM TV xəbər verir ki, fransız dili müəllimi Dominik Bernard həyatını itirib, onun 40 yaşı var idi.

Nəşrin məlumatına görə, hücum edən şəxs “Allahu Əkbər” qışqırıb. Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Cerald Darmanen bildirib ki, polisin keçirdiyi əməliyyat nəticəsində şübhəli şəxs saxlanılıb. “Le Figaro” yazır ki, saxlanılan şəxs “çeçen əsilli gənc” Məhəmməd Moquşkovdur, onun 20 yaşı var və əvvəllər bu məktəbdə təhsil alıb. Nəşrin mənbələrinə görə, Fransada o, radikal islamçılığa görə S siyahısına daxil edilib.

Demək olar ki, eyni vaxtda onun 17 yaşlı qardaşı da saxlanılıb: onun başqa məktəbin yaxınlığında saxlandığı bildirilir.

Hadisə saat 11:00 radələrində baş verib. KİV-in məlumatına görə, Arrasdakı məktəbdə öləndən başqa daha iki nəfər ağır yaralanıb: daha bir müəllim və məktəbin mühafizəçisi. Müəllimlərdən biri yerli telekanala müsahibəsində hücumçunun əlində iki bıçaq olduğunu deyib. O, cinayətkarın onlardan biri ilə həmkarının yuxu arteriyasına vurduğunu ehtimal edir.

"Səhər saat 11-də həyəcan siqnalı eşitdik və bunun məşq olduğunu düşündük. Sinif otağına girdik, sosial şəbəkələrdə bir video gördük və panika başladı" - sinifdə qalan tələbələrdən biri nəşrlə söhbətində Le Figaro-ya bildirib: “Biz bütün pəncərələri bağladıq, müəllim bizdən mümkün qədər az səs-küy salmağımızı istədi, sonra bizi sakitləşdirməyə çalışdı: o, bizə təhlükəsizlikdə olduğumuzu dedi. Panika olmamağa və soyuqqanlılığımızı qorumağa çalışırıq”.

Fransa Milli Terrorla Mübarizə Prokurorluğu “terror aktı ilə bağlı adam öldürmə”, “terror aktı ilə bağlı adam öldürməyə cəhd” və “insanlara qarşı cinayət hazırlamaq məqsədi daşıyan cinayətkar terror birliyi” maddələri ilə istintaqa başlayıb.