11 “yüksək riskli” ölkədən ABŞ-a gələn qaçqınların yoxlama prosesi sərtləşdirilib

Tramp administrasiyası 11 “yüksək riskli” ölkədən qaçqınların ABŞ-a gəlişi prosesini müraciət edənlərin keçmişini dərindən yoxlamaqla sərtləşdirir.

Rəsmilər dəyişiklik barədə müxbirlər qarşısında danışarkən “yüksək riskli” ölkələrin adlarını hallandırmaqdan imtina edib. Lakin bu ölkələrə ümumiyyətlə Misir, İran, İraq, Livya, Mali, Şimali Koreya, Somali, Cənubi Sudan, Sudan, Suriya və Yəmən daxildir.

ABŞ-ın Milli Təhlükəsizlik Departamentinin rəhbəri Kirstin Nilsen deyib ki, tələblərin sərtləşdirilməsi təhlükəsizlik narahatlığından doğur.

“Biz terroristlər və fırıldaqçıların proqramı istismar edə bilməmələri üçün yüksək riskli ölkələrdən müraciət edən şəxslərə qarşı yeni təhlükəsizlik tədbirləri tətbiq edəcəyik. Bu dəyişikliklər təkcə təhlükəsizliyi artırmayacaq, ən əsası təqib edildiklərinə görə ölkələrindən qaçan qanuni didərginlərin yoxlanılmalarında bizə kömək edəcək” – deyə Kirstin Nilsen bildirib.

Nilsen deyib ki, departament həm də imiqrantların yoxlanılması ilə bağlı məlumatların bölüşdürülməsi məqsədi ilə bütün xarici ölkələrə ABŞ-la əməkdaşlıq edə bilmələri üçün ilk qlobal baza xətti yaradıb.