İlqar Məmmədov: Azərbaycan qərbyönümlü xarici siyasət kursuna qayıtmalıdır

Ekspertin fikrinə görə Azərbaycanın son illərdə səhv xarici siyasət kursu yeridib, istər Rusiya Prezident Administrasiyasının rəhbərinin bu günlərdə Azərbaycana səfəri, istərsə də Rusiya prezidentinin bu ilin sentyabrında Bakıya gözlənilən səfəri münasibətlərdəki soyuqluğu aradan qaldıra bilməyəcək.

Azərbaycan balanslı xarici siyasət kursundan imtina edib qərbyönümlü siyasət kursuna qayıtmalıdır. Bu barədə politoloq İlqar Məmmədov “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib.

Onun fikrincə, Rusiyanın Azərbaycana qarşı siyasəti heç zaman səmimi olmayıb və prezidentlərin son görüşündə bu bir daha təsdiqini tapıb. “Sankt - Peterburq görüşündə Rusiya prezidenti Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə yenilənmiş Madrid sənədinə qarşı yeni təkliflərlə çıxış etdi. Bu isə Rusiyanın həm də ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin nizamlanmasında maraqlı olmadığını sübut etdi”, - deyə o qeyd edib.

Politoloq hesab edir ki, istər Rusiya Prezident Administrasiyasının rəhbərinin bu günlərdə Azərbaycana səfəri, istərsə də Rusiya prezidentinin bu ilin sentyabrında Bakıya gözlənilən səfəri münasibətlərdəki soyuqluğu aradan qaldıra bilməyəcək. “Azərbaycan son illərdə səhv xarici siyasət kursu yeridib. Rusiya ilə hərtərəfli yaxınlaşma siyasəti faktiki iflasa uğrayıb. Rusiya bölgədə Ermənistanı hərbi cəhətdən gücləndirməklə məşğuldur.”

Cənab Məmmədov hesab edir ki. Azərbaycan qərb təşkilatlarının insan haqları, fundamental azadlıqlarla bağlı tövsiyələrinə əməl etməli, demokratik dəyərləri dərinləşdirməlidir.