İlqar Nəsibovun məhkəməsi üzrə hazırlıq iclası olub

Ilqar Nəsibov

Oktyabrın 24-də Naxçıvan Şəhər Məhkəməsində Mehman Allahverdiyevin sədrliyi ilə hüquq müdafiəçisi İlqar Nəsibovun işi üzrə hazırlıq iclası keçirilib. İşə mahiyyəti üzrə baxılması noyabrın 4-nə təyin edilib. Bu barədə Amerikanın Səsinə İ.Nəcibovun həyat yoldaşı, Naxçıvanda fəaliyyət göstərən “Demokratiya və İnsan Hüquqları” Resurs Mərkəzinin rəhbəri Məlahət Nəsibova bildirib.

Xatırladaq ki, İ.Nəsibov avqustun 21-də Resurs Mərkəzinin ofisində Fərid Əsgərov və digər şəxslər tərəfindən qəddarcasına döyülüb. O, çoxsaylı sınıq və xəsarətlər alıb.

Hadisədən yalnız iki həftə sonra fakt üzrə Cinayət Məcəlləsinin 127.1 maddəsi (sağlamlığa qəsdən az ağır zərbə vurmaq) ilə cinayət işi başlayıb.

İ.Nəsibov bir neçə şəxs tərəfindən döyüldüyünü desə də istintaqa yalnız Fərid Əsgərov cəlb olunub və o da İlqar Nəsibova qarşı qarşılıqlı iddia qaldırıb. Onun şikayəti üzrə məhkəmənin hazırlıq iclası oktyabrın 27-də olacaq.

İ.Nəsibova ağır xəsarətlər yetirilməsinə baxmayaraq F.Əsgərov barəsində həbs qətimkan tədbiri seçilməyib, polisin nəzarəti altındadır.

İ.Nəsibovun barəsində isə qətimkan tədbiri seçilib. Bu səbəbdən də o, Bakıya müalicəyə gələ bilmir.

İlqar və Məlahət Nəsibovlar Naxçıvanda hüquq-müdafiə və jurnalist fəaliyyəti ilə məşğul olurlar.

Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları əmindir ki, İ.Nəsibovun amansızcasına döyülməsi onların hüquq-müdafiə fəaliyyəti ilə bağlıdır. Belə ki, uzun müddətdir ki, cütlük Naxçıvanda insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasını ifşa edir.