Məlahət Nəsibova: Böhtandır, böhtandır... [Audio-müsahibə]

Ilqar Nəsibov

Naxçıvan DİN İlqar Nəsibovun döyülməsini məişət zəminində dava sayır. Məlahət Nəsibovanın Amerikanın Səsinə müsahibəsi

Naxçıvan Daxili İşlər Nazirliyi Naxçıvan şəhər sakini İlqar Nəsibovun Naxçıvanda “Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzi” İctimai Birliyinin ofisində döyülməsi barədə bəzi kütləvi informasiya vasitələrində yayılmış xəbərlərlə əlaqədar məlumat yayıb.

Nazirlikdən APA agentliyinə verilən məlumatda bildirilir ki, baş vermiş hadisə ilə bağlı daxil olmuş məlumat əsasında Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılıb. Araşdırma zamanı müəyyən edilib ki, heç də ictimai birliyin ofisinə hücum edilməyib, hadisə yalnız məişət zəminində baş vermiş davadan ibarət olub.

Məlum olub ki, ictimai birliyin həmtəsisçisi olan İlqar Nəsibov uzun müddətdən bəri yaxın dostluq münasibətləri saxladığı Vətəndaş Həmrəyliyi Partiyası Naxçıvan təşkilatının sədri olmuş, Naxçıvan şəhər sakini Fərid Əsgərovla birlikdə ictimai birliyin ofisində vaxtaşırı görüşərək orada içki məclisləri qurublar.

21 avqust 2014-cü ildə axşam saatlarında hər iki şəxs qeyd olunan ünvanda yenə də içki məclisi qurub, orada spirtli içki qəbul ediblər. Həmin vaxt spirtli içkinin təsiri altında olan İlqar Nəsibov və Fərid Əsgərov arasında yaranmış mübahisə sonda əlbəyaxa davaya çevrilib.

Fərid Əsgərov öz izahatında bildirib ki, onlar arasındakı davaya səbəb onun ailə üzvləri haqqında İlqar Nəsibovun işlətdiyi nalayiq və təhqiramiz ifadələr olub.

Hər iki şəxs əlbəyaxa dava zamanı bir-birinə bədən xəsarətləri yetiriblər.

Hazırda Naxçıvan şəhər sakini Fərid Əsgərov polis tərəfindən saxlanılıb. Faktla bağlı inzibati araşdırma tədbirləri davam etdirilir.

Öz növbəsində Məlahət Nəsibova Amerikanın Səsinə müsahibəsində bildirib ki, Naxçıvan Daxili İşlər Nazirliyinin məlumatı böhtandır.

Your browser doesn’t support HTML5

Məlahət Nəsibova ilə müsahibə

“Bu məlumat mənə gülməli gəldi. Düşünürdüm ki, polislər baş verənləri görüb, utanıb işə obyektiv baxacaqlar. Görünür mən sadəlöv olmuşam, onlarda bu cürət olmazdı”, o qeyd edib.

Nəsibova həyat yoldaşının ümumiyyətlə danışarkən söyüşdən istifadə etmədiyini bildirib. O içkili də deyildi. “Əgər içkili olsa idi, bunu hamı və mən hiss edərdim. İlqar Fəridlə dost da ola bilməz, çünki Fərid İlqarın oğlu yaşındadır. İlqar xatırlayır ki, bu onu vurduqdan sonra fiziki cəhətdən qüvvətli şəxslər ofisə daxil olub və ofisi dağıdıb”.

Məlahət Nəsibova İlqarın döyülməsi və ofisin dağıdılması işinin hakimiyyət orqanları tərəfindən təşkil edildiyini də istisna etmir. “Bu işi Avropa Məhkəməsinə qədər aparacağıq”, deyə o qeyd edib.