Vəkilin İlqar Məmmədovla görüşünə imkan verilməyib

İlqar Məmmədov

Martın 7-də vəkil Fuad Ağayev 2 saylı cəzaçəkmə müəssisəsinə müvəkkili, REAl hərəkatının lideri İlqar Məmmədovun yanına buraxılmayıb.

Ağayev Amerikanın Səsinə bildirib ki, onun Məmmədova baş çəkmək üçün zaman və say məhdudiyyəti yoxdur.

Digər tərəfdən, hələ 2014-cü ildə o, cəzaçəkmə müəssisəsinə Penitensiar Xidmətdən Məmmədova baş çəkməyə icazə verən məktub təqdim edib. Baxmayaraq ki, qanunla belə bir məktuba ehtiyac yoxdur.

Ağayev müntəzəm olaraq 2 saylı cəzaçəkmə müəssisəsində Məmmədova baş çəkirdi və bu dəfədən başqa, ona heç bir maneə yaradılmırdı.

Elə bu gün Ağayevdən yenidən 2016-cı il üçün yeni məktub təqdim etməyi təklif ediblər, baxmayaraq ki, o, bu il artıq dəfələrlə Məmmədova baş çəkib.

Vəkil bu tələbləri əsassız hesab edir və Penitensiar Xidmətin rəhbərliyinə şikayət etmək niyyətindədir.

Məmmədovun yanına buraxılmadığı üçün vəkil onun taleyindən nigarandır.

Maraqlıdır ki, AŞPA prezidenti Pedro Aqramuntun cəzaçəkmə müəssisəsində Məmmədova baş çəkməsindən bir neçə gün sonra vəkil onun yanına buraxılmayıb.

Bu arada, ReAl hərəkatından bildiriblər ki, Məmmədov sonuncu dəfə dünən cəzaçəkmə müəssisəsindən zəng edib və vəkilin onun yanına gəlməsini xahiş edib.

İlqar Məmmədov və Tofiq Yaqublu 2013-cü il yanvarın 23-24-də İsmayıllıda kütləvi iğtişaşların təşkili ittihamı ilə müvafiq olaraq yeddi və beş il müddətinə azadlıqdan məhrum edilib. Hər iki siyasi xadim təqsirlərini inkar edirlər. Avropa İnsan Hüquqları Məhkəməsi 2014-cü ilin mayında İlqar Məmmədovun 5 (azadlıq və şəxsi toxunulmazlıq hüququ), 6 (təqsirsizlik prezumpsiyası hüququ) və 18-ci (hüququn məhdudlaşdırılması hüdudları) maddələr üzrə hüquqlarının pozulduğunu etiraf edib. Avropa Şurası Nazirlər Komitəsi, digər beynəlxalq qurumlar onun azad edilməsində israr edir. Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı Məmmədovu və Yaqublunu “vicdan məhbusu” kimi tanıyaraq, onları azad etməyə çağırıb.