ABŞ-ın İllinoys ştatının qubernatoru Pat Kuin aprelin 23-nün Türkiyənin Milli Suverenliyi və Uşaqlar günü elan edilməsinə dair bəyannamə imzalayıb.
Sənəddə deyilir ki, hər il yarım milyon türk mənşəli amerikalı aprelin 23-ü Türkiyənin Milli Suverenliyi və Uşaqlar gününü qeyd edir.
Bəyannamədə göstərilir ki, 92 il bundan əvvəl həmin bu gün Türkiyənin Böyük Millət Məclisi yaradılıb. Sənəddə Türkiyənin Milli günü kimi qeyd edilən bu günün həm də 1927-ci ildən Türkiyə dövlətinin gələcək nəsillərin ölkənin inkişafı və tərəqqisində rolunu vurğulamaq üçün Uşaqlar günü kimi qeyd edildiyi bildirilir.
Ştatın qubernatorunun bəyannaməsində Türkiyə dövlətinin universal azadlıq, ədalət və demokratiya prinsiplərinə sadiq qalması ilə yanaşı, Birləşmiş Ştatlarla uzun müddətli strateji tərəfdaşlıq münasibətlərinə malik olduğu və müasir Türkiyənin əhalisinin əsas hissəsinin müsəlmanlardan ibarət dünyəvi demokratik dövlət olduğu qeyd edilir.
“Bir əsrdən az bir müddət ərzində türk mənşəli amerikalılar Amerikanın biznes, elm, tibb, texnologiya və incəsənət sahələrində inkişafına mühüm töhfələr verərək, çoxmillətli ölkəmizə unikal bir şəkildə təsir göstərmişdir”-deyə sənəddə göstərilir.
İllinoys ştatında Türkiyənin Milli Suverenliyi və Uşaqlar gününün qeyd edilməsilə bağlı bəyannəmənin qəbul edilməsi ABŞ-dakı Türk-Amerika Asossiasiyaları, habelə Azərbaycan-Amerika Şurası və Amerika Azərbaycan Cəmiyyətinin səyləri nəticəsində mümkün olmuşdur.