20 illik müharibə - Ekspertlər ABŞ-ın Əfqanıstanda siyasi irsini təhlil edir

Your browser doesn’t support HTML5

Birləşmiş Ştatların başçılığı ilə Əfqanıstanda müharibə ABŞ-a qarşı 2001-ci il 11 sentyabr hücumlarından sonra başlayıb. ABŞ əfqan müttifiqlərə Əl-Qaidə terror qrupuna sığınacaq vermiş Talibanı hakimiyyətdən devirməyə kömək edib. Müharibə 20 ildən sonra Talibanın yenidən Əfqanıstanda hakimiyyəti ələ alması ilə nəticələnib. Dünya ABŞ hərbi qüvvələrinin Əfqanıstandan çıxarılmasını izlədiyi vaxt Vaşinqtondakı ekspertlər ABŞ-ın Əfqanıstanda irsi ilə bağlı nəticə çıxarmağın tez olduğunu deyir.

2001-ci il sentyabrın 11-də Əl-Qaidə terrorçuları Amerika təyyarələrini ələ keçirərək, onların ikisini Nyu Yorkda Dünya Ticarət Mərkəzinin qoşa binalarına, birini Pentaqon binasına vurub, digərini isə Pensilvaniyada qəzaya uğratdı. Hadisələr zamanı 2997 nəfər həyatını itirdi.

ABŞ-ın o zaman prezidenti Corc Buş hadisələrə cavabı gecikdirmədi.

“Mən sizi eşidə bilirəm, bütün dünya sizi eşidə bilir və bu binaları dağıdanlar da bizim hamımızı çox tez zamanda eşidəcək.”

Buş Əl-Qaidənin Əfqanıstandakı təlim obyektlərini bombalamaq əmri verdi və ABŞ-ın hava zərbələri ilə Əfqanıstan qəbilələrinin ittifaqları birlikdə bir neçə həftə ərzində Taliban rejimini devirdi.

Kabil sakinləri o zaman küçələrdə rəqs edirdilər, kişilər Taliban tərəfindən tələb edilən saqqallarını qırxdırdılar.

Buş daha sonra İraqa müdaxilə etmək və ölkəni Amerika tipli demokratiya modeli əsasında yenidən qurmağa çalışaraq, Əfqanıstandakı missiyanı genişləndirmək qərarı verdi.

ABŞ hərbi qüvvələri və humanitar işçilər Əfqanıstanın yenidən qurulmasına kömək edərək, əsas diqqəti Taliban dövründə məktəbə getmək və evdən kənarda işləməyə icazə verilməyən qız və qadınların hüquqları və imkanlarının gücləndirilməsinə verdi.

Lakin Taliban tez bir zamanda yenidən qruplaşdı və Əfqanıstan vətəndaşlarına qarşı intihar hücumları da daxil olmaqla illərlə silahlı müqavimət göstərməyə başladı.

Bəzi ekspertlərin fikrincə, ABŞ-ın Əfqanıstanda əvvəlcədən aydın olmayan məqsədləri Amerikanın 20 illik müdaxiləsinin bəlkə də "ilkin günahları" ola bilər.

“Prezident Buş o zaman Əfqanıstandan müdaxilə başlayanda olduğundan daha yaxşı yer olaraq çıxmaq kimi vəzifəsi olduğunu düşünürdü. O bunu `dövlət quruculuğu` adlandırmasa da, Əfqanıstanda əvvəlkindən daha yaxşı vəziyyət yaratmağa çalışmaq üçün müəyyən dərəcədə bunu etməyə hazır idi. Lakin onun müdafiə naziri Donald Ramsfeld ABŞ qüvvələrini Əfqanıstandan mümkün qədər tez zamanda çıxarmaq istəyirdi. Bu gərginliyin ABŞ-ın Əfqanıstanda mövcudluğununbilkin mərhələsində bərpa oluna bilməyən zərərli təsirləri oldu və mümkündür Amerikanın missiyası bunlardan heç vaxt düzələ bilmədi,” CNA araşdırma institutunun nümayəndəsi Conatan Şroden bildirir.

2009-cu ildə o zaman prezident Barak Obama hakimiyyətinin ilk dönəmində ölkəyə əlavə əsgər və kontraktorlar göndərərək, ABŞ hərbi qüvvələrinin sayını 100, 000-dən yuxarı səviyyəyə çatdırdı. Bundan bir neçə il sonra isə əsgəri qüvvənin sayının azaldılacağını elan etdi və ölkədə əsgərlərin sayı bu rəqəmin onda bir hissəsinə çatdırıldı.

ABŞ-ın keçmiş prezidenti Barak Obama:“Çoxlarınız üçün bu, Əfqanıstanda son turunuz olacaq.”

Obamanın xələfi president Donald Tramp Amerika əsgərlərini “əbədi müharibələrdən” vətənə qaytarmağa söz verdi və administrasiyasının yüksək səviyyəli rəsmilərinin 2020-ci ilin fevral ayında Talibanla ABŞ hərbi qüvvələrinin 14 ay müddətində ölkədən çıxarılmasına dair razılaşmanı imzalamasını istədi.

Buş, Obama və Trampın müharibəyə rəhbərlik etməsindən sonra ABŞ-ın hazırkı presidenti Co Bayden Birləşmiş Ştatların müdaxiləsinə son qoyur.

Bu həftə ABŞ qüvvələrinin ölkədən xaotik şəkildə çıxmasını müdafiə edən Bayden ABŞ-ın illər əvvəl Talibanı hakimiyyətdən uzaqlaşdırdığı və Əl-Qaidə lideri Usama bin Ladeni Pakistanda öldürdüyü zaman Əfqanıstandakı hədəflərinə çatdığını bildirdi: “Bizim Əfqanıstandakı missiyamız heç vaxt dövlət quruculuğu ilə bağlı olmayıb. Vahid, mərkəzləşdirilmiş bir demokratiya yaratmaq heç vaxt nəzərdə tutulmayıb. Bu gün Əfqanıstanda yeganə həyati əhəmiyyətə malik milli maraqımız həmişə olduğu kimi eyni qalır: Amerika torpağında terror hücumunun qarşısının alınması.”

Lakin həm ölkə daxilində, həm də xaricdə yaşayan əfqanlar Taliban tərəfindən ölkənin sürətlə ələ keçirilməsi və Kabildən qaçan amerikalılar və digər əcnəbilərin görüntülərini emosiyalarla izləyir.

Nuralhaq Nəsimi Londonda əfqan qaçqınlara kömək edən Əfqanıstan və Orta Asiya Assosiasiyası xeyriyyə təşkilatının təsisçisidir.

“Başa düşməliyik ki, dövlət və demokratiya qurmaq 20 ilin işi deyil. Bu, uzunmüddətli bir həlldir. ABŞ və beynəlxalq ictimaiyyət uzunmüddətli öhdəlik götürməlidir. Əfqanıstanda 2001-ci ildə imkan və müdaxilə var idi, lakin xalq üçün daha yaxşı bir gələcək qurmaq üçün 20 il kifayət deyil,” o bildirir.

Vanderbilt Universitetində professor Samar Əli Amerikanın Səsinə deyib ki, əfqanların Amerikaya uzun müddətdə münasibəti sonrakı hadisələrin gedişindən asılı olacaq: “Düşünürəm ki, keçən həftə və son bir neçə gün inanılmaz dərəcədə ziyanlı oldu. Fikrimcə, aramızdakı etimad çox ciddi şəkildə pozulub. Dərhal etməyimiz lazım olan işlərdən biri də Əfqanıstan qaçqınlarını qəbul etməklə bağlıdır.”

ABŞ -ın Əfqanıstandakı missiyasının sürətlə çökməsi gələcəkdə Vaşinqtonu xaricə hərbi qüvvə göndərmək barədə ciddi düşünməyə vadar edə bilər, deyə Eurasia Group araşdırma mərkəzinin təhlilçisi İyan Bremmer bildirir: “Son 20 ilin siyasi dərsləri Birləşmiş Ştatların dünyanın hər hansı nöqtəsində hərbi qüvvələrin başçılığı ilə dövlət quruculuğu səylərinə çox, həddindən artıq çəkinməsi olacaq.”

Digər ekspertlər hərbi qüvvələrin Əfqanıstandan çıxmasından sonra ABŞ-ın etibarına qısa müddətdə zərbə vurulduğunu söyləsələr də, əlavə edirlər ki, ABŞ-ın mühüm ittifaqlarına uzunmüddətli zərərin dəyib-dəymədiyini müəyyən etmək hələ tezdir.