Türkiyədə hərbi çevriliş cəhdindən sonra üç ay müddətinə fövqəladə vəziyyət elan edilib. Verilən məlumatlara görə ölkədə hərbçilər, dövlət qulluqçuları, hakimlər və ziyalılar da daxil olmaqla 50 minə yaxın insan vəzifəsindən azad edilib, ya da saxlanılıb. Beynəlxalq ictimaiyyət çevriliş cəhdindən sonra prezident Ərdoğanın hakimiyyətini daha da möhkəmləndirmək məqsədilə fərqli düşüncəyə qarşı təqibləri gücləndirməsi ilə bağlı narahatlığını ifadə edib. Yaxın Şərq və Türkiyə üzrə təhlilçi, jurnalist İlhan Tanır Amerikanın Səsinin “Amerika icmalı” proqramında hərbi çevriliş cəhdindən sonra Türkiyədə daxili vəziyyəti və son hadisələrin Türkiyə və Birləşmiş Ştatlar arasında münasibətlərə təsirindən danışıb.
Birləşmiş Ştatlar ilk gündən Türkiyədə hərbi çevriliş cəhdini qınayıb və administrasiyanın bildirdiyi kimi ölkənin demokratik yolla seçilmiş hökumətinə dəstək ifadə edib. Lakin Dövlət katibi Con Kerri xəbərdarlıq edib ki, çevriliş cəhdinə cavab demokratik prinsiplərə uyğun şəkildə verilməlidir.
İlhan Tanır hərbi çevriliş cəhdindən sonra ölkədə bəzi hesablamalara görə təxminən 60 min insanın saxlandığını, vəzifələrindən azad edildiyini və eyni zamanda mətbuata təzyiqlərin artdığını bildirib. Onun sözlərinə görə, bu ölçülər demokratik prinsiplərə əməl olunması ilə bağlı bir sıra suallar yaradıb. "Bəzi əsgərlərin işgəncəyə məruz qaldığı görüntülər ortaya çıxdı. Bu, cansıxıcı bir durumdur. Hazırda kimin günahkar olub-olmamasını ayırd etmək lazımdır. İndiyə qədər 9 minə qədər hərbçinin saxlandığını görürük. Amma bunların hamısının çevriliş cəhdində rolu olduğu zənn edilmir."
"Amerika rəsmilərinin davamlı olaraq dediyi budur ki, "bizə dəlil göstərə biləcəksinizmi".Fətullah Gülənlə hərbi çevriliş cəhdi arasında bir bağlılığın olduğunu göstərən dəlil təqdim edilməlidir."-İlhan Tanır
İlhan Tanır Türkiyədə hazırda hərbi çevriliş cəhdindən bir həftə vaxt keçdiyi zaman Qərbin və Amerika Birləşmiş Ştatlarının demokratik prinsiplərin təmin olunması çağırışlarının diqqətlə izlənilmədiyini bildirib və erkən mərhələdən sonrakı dövrdə şəffaf təhqiqat aparılacağına və beynəlxalq normala riayət olunacağına ümidini ifadə edib.
İlhan Tanır Türkiyədə baş verən hadisələr demokratik prinsiplərə əməl olunması ilə bağlı bir sıra sualların yaranmasına səbəb olduğunu bildirib.
Türkiyə hökuməti bu çevriliş cəhdinə görə ABŞ-da sığınacaq tapmış dini xadim Fətullah Gülənin məsuliyyət daşıdığını bildirir və Amerikadan onun ekstradisiyasını tələb edir. ABŞ bunun iki ölkə arasında ekstradisiya haqda razılaşmaya uyğun olaraq baş verə biləcəyini bildirir. Məsələ Amerika və Türkiyə arasında münasibətlərdə gərginliyin əsas mənbələrindən biri hesab edilir.
İlhan Tanırın sözlərinə görə, Fətullah Gülənin ekstradisiyası ABŞ-da bu günlər ən çox müzakirə olunan məsələlərdən biridir və Ağ Evdən verilən mesajlarda aydın şəkildə dəlillərin təqdim edilməli olduğu vurğulanır. "Amerika rəsmilərinin davamlı olaraq dediyi budur ki, "bizə dəlil göstərə biləcəksinizmi".Fətullah Gülənlə hərbi çevriliş cəhdi arasında bir bağlılığın olduğunu göstərən dəlil təqdim edilməlidir. Əgər bu şəkildə olsa, bu, aylar və illər davam edə bilər. Fətullah Gülən burada 17 ilə yaxındır yaşayır. Onun "green card"ı var (Amerikada yaşamaq icazəsi verən "yaşıl kart" adlı sənəd-Red.). Onun vəkilləri olacaq, onu müdafiə edəcəklər. Bu, aylarla davam edə bilər və başda prezident Ərdoğan olmaqla Türk tərəfi razı salmaya bilər. Və bu məsələ Türkiyə-Amerika münasibətlərində gərginliyi artırmağa davam edəcək."
"Hərbi çevriliş cəhdindən sonrakı dövrdə prezident Ərdoğan fövqəladə vəziyyət elan etməklə onun məclisə ehtiyacı qalmayacaq. Məclisdə qanunun qəbul edilməsi əvəzinə o, bundan sonra istədiyi şəkildə sərəncamlar verərək, Türkiyə daxilində hər şeyi edə biləcək bir gücə malik olur."-İlhan Tanır
Qərb ölkələri çevriliş cəhdindən sonra Türkiyədə həbslər dalğası ilə bağlı narahatlığını ifadə edib. Prezident Ərdoğan isə ölkədə demokratiya və qanunun aliliyinin təmin edilməsinə nail olmaq istədiyini bildirir. Lakin Qərb ölkələri onun əslində öz hakimiyyətini gücləndirməyə çalışdığına inanır.
İlhan Tanır 2013-cü ildə Gezi hadisələrindən sonra Qərb ölkələri və Türkiyə arasında münasibətlərin pisləşdiyini qeyd edib. Lakin o deyib ki, istər Avropa İttifaqı və Türkiyə, istərsə də Birləşmiş Ştatlarla Türkiyə arasında münasibətlərin nə qədər pis olmasından asılı olmayaraq, gündəmdə olan bir sıra məsələlərlə əlaqədar ittifaq davam edirdi. "Ərdoğana yönələn universal dəyərlərə, mətbuat, toplaşmaq azadlığı, bu kimi azadlıqların azalması ilə bağlı əsas tənqidlər getdikcə güclənirdi. İndi hərbi çevriliş cəhdindən sonrakı dövrdə prezident Ərdoğan fövqəladə vəziyyət elan etməklə onun məclisə ehtiyacı qalmayacaq. Məclisdə qanunun qəbul edilməsi əvəzinə o, bundan sonra istədiyi şəkildə sərəncamlar verərək, Türkiyə daxilində hər şeyi edə biləcək bir gücə malik olur."
İlhan Tanırın sözlərinə görə, Türkiyədə demokratik sistemdə müxalifət və mətbuatın indiyə qədər hökuməti tənqid etməsi normal idisə, indi artıq onların narahatlıqları var və Qərb və Amerika da bununla bağlı narahatlıqlarını ifadə edib.
"Ağ Evin sözçüsü Coş Ernest qarşıdakı həftələrdə Türkiyə hökumətinin məhkəmə prosesinə nə dərəcə hörmət edilib-edilməyəcəyini izləyəcəyiz dedi. Buna görə də deyə bilərik ki, qarşıdakı həftədən etibarən hərbi çevrilişdən bir qədər vaxt keçdikdən sonra Ərdoğan hökumətinin görəcəyi işlər, müxalifətlə necə davranacağı,insanların hüquqları və azadlıqlarına necə hörmət edəcəyinə işarələr Türkiyə və Qərb, Türkiyə və ABŞ arasında münasibətlərə təsirini göstərəcək."
2011-ci ildə Yaxın Şərqdə Ərəb baharının başladığı vaxt ərəb ölkələrinin xalqları Türkiyəyə model olaraq baxırdı. Təhlilçilərin böyük əksəriyyəti hesab edir ki, Türkiyədə vəziyyət heç vaxt əvvəlki kimi olmayacaq.
"Qarşıdakı həftədən etibarən hərbi çevrilişdən bir qədər vaxt keçdikdən sonra Ərdoğan hökumətinin görəcəyi işlər, müxalifətlə necə davranacağı,insanların hüquqları və azadlıqlarına necə hörmət edəcəyinə işarələr Türkiyə və Qərb, Türkiyə və ABŞ arasında münasibətlərə təsirini göstərəcək."-İlhan Tanır
"Təəssüflər olsun ki, artıq model ölkə deyil. Türkiyə Sərhədsiz Reportyorlar təşkilatının hesabatına əsasən mətbuat azadlığına görə 182 ölkə arasında 151-ci yerdədir. Şəffaflıq, hesabatlılıq və korrupsiya göstəricilərinə görə bütün beynəlxalq hesabatlarda sonda gəlir. Belə bir ölkənin model olma ehtimalı artıq yoxdur. Hərbi çevriliş cəhdindən sonra isə bu modellik tamamailə aradan qalxıb. Buna görə də Türkiyənin 2013-cü ildə Gezi hadisələrinə qədər qəbul edilən modeli, həm bir müsəlman ölkə, həm də demokratiyanın birgə mövcud olduğu bir ölkə modeli bitdi. Bunun nə zaman yenidən ola biləcəyi sualı indiki hökumətə bağlıdır."
İlhan Tanır bildirib ki, Türkiyə parlamentinin ən yaxın zamanda öz işini yenidən normal davam etdirməsi, demokratik təsisatların azad şəkildə fəaliyyətini davam etdirməsi təmin olunmalıdır.