İlham Şaban: BP Azərbaycana sadiqdir deməklə burada uzun müddətli işləyəcəyini bəyan edir [Audio]

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban

Ekspert prezident Əliyevin BP şirkətini tənqidini şərh edib
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsi radiosuna müsahibəsində BP şirkətinin fəaliyyətinin Azərbaycan prezidenti İlham Əliyevin tənqidini şərh edib. Onun fikrincə, BP şirkətinin fəaliyyətini ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev deyil, siyasi rəhbər Əliyev tənqid edib və burada siyasi məqamlar var.

Your browser doesn’t support HTML5

İlham Şabanla müsahibə


“Heç bir neft şirkəti indiyədək prezidentin tənqidinə tuş gəlməyib. Hazırda Azərbaycanda 14 hasilat şirkəti işləyir. Bunlar hasilatın pay bölgüsü sazişi çərçivəsində fəaliyyət göstərir. BP-nin hasilatında 9-10 faiz azalma müşahidə edilirsə, quruda elə şirkətlər var ki, onların fəaliyyətində hasilatda illik 30-45 faiz arasında azalma müşahidə edilir”, - İ.Şaban bildirib.

Ekspert belə olan halda nə üçün hədəf kimi BP-nin seçilməsinə də aydınlıq gətirib.

“Ona görə BP hədəf seçilib ki, Azərbaycanda neft və qazın ümumi ixracatının 80 faizindən çoxu bu şirkətin üzərinə düşür. Bu səbəbdən də BP-nin hasilatının və ixracatının aşağı düşməsi Azərbaycanın ticarət dövriyyəsinə, ölkənin gəlirlərinin azalmasına birbaşa təsir edir. Təsəvvür edin, BP-nin bir illik fəaliyyətindən yalnız Azərbaycanın Neft Fonduna 19,5 milyard dollar daxil olub. Neftin qiymətinin 110 dolar olduğu bir dövrdə hasilatın azalmasının nə qədər itki olduğunu təsəvvür etmək çətin deyil”, o deyib.

Prezident deyib ki, BP şirkəti proqnoz öhdəliklərini yerinə yetirmir.

“BP hər il auditə məruz qalmış hesabatını dərc edir. Bu hesabatın media və QHT-lər üçün təqdimatı da keçirilir. Sənədlərdə heç zaman BP-nin proqnoz öhdəlikləri göstərilməyib. Ən maraqlısı isə 2009-cu ildən proqnoz öhdəliyinin yerinə yetirilməməsinə baxmayaraq, indiyədək ictimaiyyətə açıqlanmamasıdır”.

Ekspert BP-nin tənqidinin siyasi məqamına toxunarkən deyib ki, ötən ilin sonlarından bu il London olimpiadasına qədər BP qrupun prezidenti Robert Dadli ilə Azərbaycan prezidenti arasında dörd görüş olub.

“Heç vaxt bu qədər tezlikli görüşlər müşahidə edilməmişdi. Sızan məlumatlara görə, danışıqların əsas mövzusu BP-nin Azərbaycandakı kəşfiyyat layihələri, Azəri-Çıraq-Günəşlinin dərin qatlarındakı qaz laylarının işlənməsi üzrə yeni müqavilələr və TANAP-dan BP-nin pay alması məsələləri olub”.

Bu il oktyabrın 5-də BP Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə yeni çərçivə müqaviləsi imzalayıb.

“Sənəd ARDNŞ ilə birgə kəşfiyyat işlərinin aparılmasını əhatə edir”.

İ.Şaban həmçinin siyasi rəhbərliyin tənqidinin səbəbi kimi BP-nin biznes maraqları ilə Azərbaycanın biznes maraqlarının üst-üstə düşməməsi ilə bağlı ehtimalı da irəli sürür. Ekspert burada Rusiyada BP-TNK məsələsini də yada salıb.

“BP Azərbaycana sadiqdir bəyanatını verməklə demək istəyir ki, Azərbaycanda uzun müddətli planları var. Ölkəni tərk etmək fikri yoxdur”, - deyə o qeyd edib.