Prezident İlham Əliyev noyabrın 1-də Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərin işləri üzrə komitəsinin sədri Leonid Slutski və Malta parlamentinin spikeri Anqlu Faruca ilə görüşündə ATƏT-in Demokratik Təsistalar və İnsan Haqları Bürosunun Azərbaycanda parlamebnt seçkilərini müşahidədən imtina etməsini tənqid edib.
İ. Əliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidədən imtina etməklə bağlı təkbaşına qərar vermək hüququna malik olmadığını, bu qurumun qaydaları və reqlamenti pozduğunu bildirib.
“ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun vəzifəsi seçkini müşahidə etməkdir. Bildiyiniz kimi, biz onları dəvət etdik və ayrı-ayrı ölkələrə müşahidəçilərin sayının müəyyən edilməsi metodologiyası ilə bağlı izahat vermələrini xahiş etdik. Onlar bizə cavab vermək əvəzinə, ümumiyyətlə, müşahidəçi göndərməməyi qərara aldılar”.
Prezident bu hərəkətlərin qəbuledilməz olduğunu deyib.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT-in DTİHB-ə 1 noyabr parlament seçkilərinin müşahidəsi üçün dəvət göndərib. DTİHB seçkiləri 30 uzunmüddətli, 350 qısamüddətli müşahidəçi ilə müşahidə edəcəyini bəyan edib. Azərbaycan 125 müşahidəçini qəbul edə biləcəyini bildirib. Bundan sonra DTİHB-i seçkiləri müşahidədən bütövlükdə imtina edib.
Prezident ailə üzvləri ilə birgə səs verdikdən sonra bir sıra müşahidə missiyalarının rəhbərləri ilə görüşüb.
Bakının qoyduğu məhdudiyyətlər effektiv seçki müşahidəsi aparmağa imkan vermir"
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT/DTIHB) sentyabrın 11-də qərar verərək Azərbaycanda keçiriləcək parlament seçkisinə müşahidəçi göndərməkdən imtina edib.
Büronun direktoru Michael Georg Link bildirib ki, Azərbaycan tərəfdən tətbiq edilən məhdudiyyətlərə görə bu addımı atmağa məcbur olublar:
“Müşahidəçilərin sayına Bakının qoyduğu məhdudiyyətlər effektiv və etibarlı seçki müşahidəsi aparmağa imkan vermir. Ona görə də təəssüf ki, biz ümumilikdə bu seçkiyə müşahidəçi göndərməmək qərarına gəldik. Azərbaycan hakimiyyətinin müşahidəçilərin sayına qoyduğu inadlı məhdudiyyətlər bu ölkənin ATƏT qarşısında öhdəliklərinə və Büronun müşahidə missiyasının mandatına ziddir.”
AZƏRBAYCAN MÜŞAHİDƏÇİ SAYININ 3 DƏFƏ AZ OLMASINI İSTƏYİB
Açıqlamada qeyd edilib ki, ATƏT-in üzvü olan dövlət kimi, Azərbaycan keçirdiyi seçkilərə beynəlxalq müşahidəçilər cəlb etməli, həmçinin bu Büronun müşahidəçilərinin öz funksiyalarını müstəqil, tərəfsiz və peşəkarcasına yerinə yetirmələrinə xüsusi diqqət yetirməlidir.
Bakıdan dəvətnamə aldıqdan sonra Büro bu seçkilərə ekspertlər qrupu, 30 uzunmüddətli, 350 nəfər də qısamüddətli müşahidə missiyası göndərməli idi. Amma Azərbaycanın ATƏT-dəki Daimi Missiyası ilə müzakirələrdə məlum olub ki, Azərbaycan hakimiyyəti yalnız 6 nəfər uzunmüddətli, 125 nəfər də qısamüddətli müşahidəçi göndərilməsini tələb edir. Bakı bu tələbində israr etdiyindən, Büro bu seçki üçün Azərbaycana müşahidəçi göndərməmək qərarına gəlib.
1993-cü ildən bəri Azərbaycanda keçirilən seçkilər beynəlxalq standartlara cavab verməyib.