İlham Əliyev: Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz

Ermənistanın yeni baş nazirinin Dağlıq Qarabağı tanımaq və onunla birlikdə danışıqlar masasında əyləşmək çağırışı rəsmi Bakı tərəfindən qəbul edilməyib.

Belə ki, dövlət başçısı İlham Əliyev ötən gün Heydər Əliyevin 95 illiyinə həsr olunan tədbirdə deyib ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz və Bakının mövqeyi dəyişməz qalır.

"Ermənistan-Azərbaycan münaqişəsi yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalıdır, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir. Bu qətnamələrdə açıq-aydın göstərilir ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır. Münaqişənin digər həlli yolları yoxdur", İlham Əliyev bildirib.

"Azərbaycan heç vaxt imkan verməz ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Əgər kimsə başqa cür fikirləşirsə, hesab edirəm ki, o, əbəs yerə illüziyalarla yaşayır", o vurğulayıb.

"İki il bundan əvvəl Azərbaycan ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etmişdir və o torpaqlarda - bizim doğma torpaqlarımızda bu gün Azərbaycan bayrağı dalğalanır. Əminəm ki, gün gələcək və Azərbaycan bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda, o cümlədən Şuşada və Xankəndidə qaldırılacaq", dövlət başçısı bildirib.