"İlham Əliyev özünü elə aparır ki, sanki azad söz və insan haqları boş şeydir"

ABŞ-da çıxan «The Washington Post» qəzeti avqustun 7-də Azərbaycanla bağlı redaksiya məqaləsi dərc edib. Yazıda oxuyuruq:

«Azərbaycan iyunun 12-də ilk Avropa Oyunlarının açılışını etdi. Dəbdəbəli açılış mərasimində Lady Gaga-nın 10 dəqiqəlik çıxışı hamını təəccübləndirdi. Onun həmin çıxışa görə 2 milyon dollar adlığı bildirilir. Müğənni gülə-çiçəyə qərq olmuş pianoda John Lennon-un «Imagine» («Təsəvvür et») mahnısını səsləndirdi».

Leyla və Arif Yunus

«İndi gəlin Leyla və Arif Yunusların həmin axşam həbsxana divarları arxasında oturub nə düşündüyünü «təsəvvür edək». Onlar bir ilə yaxındır susdurulmaq məqsədilə quraşdırılmış ittihamlarla həbsdə yatırlar. 59 yaşlı Leyla Yunus insan haqları müdafiəçisidir. Əri, 60 yaşlı Arif isə tarixçidir. Vergidən yayınma və vətənə xəyanətdə ittiham olunurlar. Hər ikisinin səhhətində ciddi problemlər var və həbsdə müalicə almayıblar».

MƏHKƏMƏNİN NİYYƏTİ

«Bu həftə vergidən yayınma ittihamı üzrə məhkəmələri başlanıb. Bazar ertəsi ürək xəstəliyindən əziyyət çəkən cənab Yunus məhkəmə zalında huşunu itirib. Tibbi yardım alıb, ancaq simptomlar qalıb və növbəti günlər məhkəmə zalında çətinliklə əyləşib. Xanım Yunus diabetdən və digər xəstəliklərdən əziyyət çəkir. Həftənin sonunda dövlət ittihamçısı Fərid Nağıyev xanım Yunusa 11 il, ərinə 9 il iş istəyib. Məhkəmə gələn həftə davam edəcək, hər ikisinin çıxışı gözlənir».

Məhkəmə ədalətin parodiyasıdır və mühakimənin əsl niyyəti bu cəsarətli səsləri susdurmaqdır.

«Məhkəmə ədalətin parodiyasıdır və mühakimənin əsl niyyəti bu cəsarətli səsləri susdurmaqdır. Onlar dərhal buraxılmalıdırlar. Ədalətsiz davranışa yalnız onlar məruz qalmayıblar. Prezident Əliyev 100-dək siyasi məhbusu dəmir barmaqlıqlar arxasında saxlayır. Cəsur araşdırmaçı-jurnalist Xədicə İsmayıl da onların sırasındadır».

Ömrünün 16 ayını Əliyevin həbsxanalarında keçirmiş, daha sonra Berlində müstəqil Meydan TV-nin əsasını qoymuş Emin Milli deyir ki, hakimiyyət bu yaxınlarda onun qaynını narkotik saxlama kimi «absurd və saxta ittihamlar»la həbs edib. «Bütün bu təzyiqin yalnız bir məqsədi var», - Milli deyir. «Məni və yalanlar, repressiya və qorxu okeanında kiçicik ada olan Meydan TV-ni susdurmaq».

CƏZASIQLIQ

Yunuslar həbsxanada əzab çəkdiyi bir vaxtda Lady Gaga ifasına görə tirandan neftə bulaşmış pul çeki alır.

«Cənab Əliyev özünü elə aparır ki, sanki azad söz və insan haqları boş şeydir. Bu pozuntulara görə əsas məsuliyyəti o daşıyır. Ancaq bir sual soruşmağa dəyər: Azərbaycandan kənarda bu cəzasızlığa kim qol-budaq verir? Cənab Əliyevin cəzasız qalmasına kim kömək edir? Azərbaycandakı siyasi məhbuslara görə hamıdan çox Avropa Oyunlarına sevincək qatılıb arenadan kənara belə boylanmayan avropalılar və 2013-cü ildə Bakıya pulsuz səfər edib hədiyyələrə boğulan Konqres üzvləri narahat olmalıdır. Bəs pop-divası Lady Gaga? Azadlıq nişanələri Yunuslar həbsxanada əzab çəkdiyi bir vaxtda Gaga ifasına görə tirandan neftə bulaşmış pul çekini alır. Sadəcə təsəvvür edin».

Hakimiyyət təmsilçiləri ölkədə hüquq və azadlıqların repressiyaya məruz qalması barədə beynəlxalq qurumların tənqidlərini qəbul etmir, ölkədə heç kəsin siyasi motivlərlə həbs olunmadığını bildirir. «The Washington Post» və «The New York Times» kimi nüfuzlu qəzetlərin daha öncəki tənqidi məqalələri hakimiyyət yetkililərinin sərt təpkisi ilə üzləşib.