Çingiz Hüseynzadə: Güləş, boks, cüdo, taekvando, sambo, atıcılıqda medallar gözləyirik [Video]

Your browser doesn’t support HTML5

Çingiz Hüseynzadə: Güləş, boks, cüdo, taekvando, sambo, atıcılıqda medallar gözləyirik

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin Amerikanın Səsinə müsahibəsi

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Amerikanın Səsinə müsahibəsində Bakıda keçiriləcək Avropa Oyunları, oyunların insan kapitalına təsirləri və beynəlxalq tənqidlərdən danışıb.

Amerikanın Səsi: Azərbaycan Avropa Oyunlarında 291 idmançı ilə iştirak edəcək. Hansı idman növləri üzrə daha çox nailiyyətlər gözləyirsiniz?

Biz çalışacağıq ki, maksimum dərəcədə yüksək nəticələr göstərək.

Çingiz Hüseynzadə: Əlbəttə Azərbaycanda ənənəvi olan idman növlərində nailiyyətlərimiz çox olacaq. Bu güləş, boks, cüdo, taekvando,sambo, atıcılıqdır. Yəni bu, idman növlərində kifayət qədər medal gözləyirik, uğurlar olacaq. Başqa idman növlərində də yaxşı hazırlaşmışıq. Basketboldur, 3-3-ə basketboldur, çimərlik voleyboludur, çimərlik futboludur və başqa. Biz çalışacağıq ki, maksimum dərəcədə yüksək nəticələr göstərək.

Amerikanın Səsi: Avropa Oyunları dünyada və Avropada, o cümlədən Azərbaycanda idman hərəkatına hansı təkan verə bilər?

Azərbaycan üçün yeni idman növləri var.

Çingiz Hüseynzadə: Bildiyiniz kimi bu, birinci Avropa Oyunlarıdır və Avropada idmanın inkişafına böyük təkan verəcək. Əgər bu, belə olmasa idi, Avropa belə qərar qəbul etməzdi. Avropa öz oyunlarını bu vaxtacan keçirməmişdi və bu oyunların keçirilməsinə böyük tələbat var idi. Buna görə də Avropa Olimpiya Komitəsi belə bir qərar qəbul etdi. Əlbəttə oyunlar Azərbaycana da sözünü deyəcək. Məsələn, biz ev yiyəsi kimi bütün idman növlərində iştirak edirik. Lakin bəzi idman növlərində Azərbaycanda ənənə olmayıb. Azərbaycan üçün yeni idman növləri var. Biz son iki il yarımda bu idman növlərini də inkişaf etdirdik. Azərbaycanda yeni federasiyalar yarandı, yeni istiqamətlər müəyyənləşdi. Əlbəttə, bu ümumiyyətlə Azərbaycan idmanında böyük təkan oldu.

Amerikanın Səsi: Oyunlara Azərbaycan dövlətinin ümumilikdə nə qədər vəsait xərcləyəcəyi gözlənilir. Bu vəsaiti Azərbaycanda insan kapitalının inkişafına qoyulmuş vəsait hesab etmək olarmı?

Bütün bu idman obyektləri Azərbaycan xalqına xidmət edəcək.

Çingiz Hüseynzadə: Yəqin ki, siz bilirsiniz Avropa Oyunlarının Təşkilat Komitəsi tərəfindən, daha doğrusu Təşkilat Komitəsi nəzdində yaradılmış Əməliyyat Şirkəti tərəfindən bu rəqəmlər açıqlanıb. Amma, bir çoxları bəzi məsələləri qarışdırır. Məsələn, bəziləri elə hesab edir ki, Azərbaycan bu oyunlar üçün böyük stadion tikib, bu oyunlar üçün böyük bir su sarayı tikib. Əslində isə bu, belə deyil. Stadionun da tikintisi, su sarayının da tikintisi oyunlardan qat-qat əvvəl qərara gəlinib. İdman sarayları onsuz da tikiləcəkdi. Demək olar ki, yeni heç bir idman obyerkti tikilməyib. Müvəqqəti tikilən idman obyektləri var və yenidən rekonstruksiya olunan, bərpa olunan, yenişəşdirililən idman obyektləri var. Bütün bu idman obyektləri Azərbaycan xalqına xidmət edəcək. Oyunlardan sonra heç bir idman obyekti bəzi ölkələrdə olduğu kimi artıq olmayacaq. Çünki, Bakı kifayət qədər böyük şəhərdir, çoxmilyonlu şəhərdir və Azərbaycanın əhalisinin də idmana həvəsi böyükdür, idmanla məşğul olurlar. Bu cəhətdən bizim bütün idman obyektlərimiz işlək idman obyektləri olacaq. Digər tərəfdən, bildiyiniz kimi, hər bir oyunlar zamanı müəyyən struktur dəyişiklikləri olur. Nəqliyyat, təhlükəsizlik, səhiyyə məsələsində və bir çox belə məsələlərdə yeniləşmə gedir və bunlar da xalqa qalacaq. Məsələn, oyunlar üçün gətirilən ğözəl avtobuslar oyunlardan sonra insanların ehtiyaclarını ödəmək üçün marşrutlara buraxılacaq. Bütün yaradılan bu qurumlar bundan sonra da fəaliyyət göstərəcək. Biz 2017-ci ildə İslam Oyunlarını da keçirəcəyik. Artıq biz, bu gün həmin oyunlara hazırıq. Bu gün bizim infrastrukurumuz həmin oyunlara tam hazırdır. Demək olar ki, o oyunlar zamanı bizim heç bir xərcimiz olmayacaq. Bütün görülən işlər sizin dediyiniz o məsələlərə xidmət edəcək.

Amerikanın Səsi: Yəni insan kapitalının inkişafına təkan verəcək? Həm yeni texnologiyalar baxımından...

Volentyor hərəkatı Azərbaycanda artıq inkişaf edəcək.

Çingiz Hüseynzadə: Əlbəttə, həm yeni texnologiyalar baxımından, həm insanlarda müəyyən əhval-ruhiyyə yaranmasında... Azərbaycanda volentyor (könüllü-red) hərəkatı yox idi, özünüz bilirsiniz, çox kiçik bir hərəkat idi. Bu oyunlardan sonra, yəni bütün dünyada çox müsbət qarşılanan volentyor hərəkatı Azərbaycanda artıq inkişaf edəcək. Bundan sonra biz insanları bu hərəkata daha asan cəlb edə biləcəyik.

Amerikanın Səsi: Böyük hadisələr təbii ki, böyük tənqidlər də doğurur. Avropa Oyunları ilə bağlı beynəlxalq və yerli tənqidlərə, o cümlədən insan haqları ilə bağlı tənqidlərə münasibətiniz necədir?

Biz Milli Olimpiya Komitəsi olaraq heç bir siyasətlə məşğul olmuruq.

Çingiz Hüseynzadə: Mən bir şeyi həmişə əsas tuturam. İdmanla siyasət qarışdırılmamalıdır. İdman siyasətdən ayrıdır və Beynəlxalq Olimpiya Komitəsinin bir devizi var ki, beynəlxalq olimpiya hərəkatı avtonom (müstəqil) olmalıdır, heç bir siyasi situasiyadan, vəziyyətdən asılı olmamalıdır. O ki, qaldı bu tənqidlərə, yadınıza salın, hər bir olimpiya oyunlarında belə təkliflər olur. Soçi Olimpiya Oyunlarından əvvəl, Pekin Olimpiya Oyunlarından əvvəl, Rio dünya çempionatından əvvəl, Eurovision mahnı musabiqəsindən əvvəl, yəni müəyyən qüvvələr belə tədbirlərdən əvvəl öz mənafeləri üçün istifadə etməyə çalışır. Əlbəttə bu gözlənilən idi. Biz Milli Olimpiya Komitəsi olaraq heç bir siyasətlə məşğul olmuruq. Biz yalnız öz işimizi, vəzifəmizi yerinə yetiririk.