Fevralın 9-da Müsavat Partiyasının qərargahında İctimai Palatanın növbəti sessiyası öz işinə başlayıb.
Dövlət himninin səsləndirilməsindən sonra İctimai Palatanın Koordinasiya Şurasının dönəm sədri Zəfər Quliyev hesabatla çıxış edib: "Z.Quliyevin hesabatından sonra sessiyanın gündəliyi açıqlandı. Ölkədə ictimai-siyasi vəziyyət və İctimai Palatanın vəzifələri məsələsi sessiyanın gündəlik layihəsinə daxil edilib. Bu məsələnin içərisindən son bir ayda baş verən hadisələr, siyasi həbslər, bunlara qarşı etiraz aksiyaları keçirmək məsələsi ciddi müzakirə olunacağı qeyd olundu".
Musavat.com saytının verdiyi məlumata görə, Zəfər Quliyevin hesabatından sonra AXCP sədri Əli Kərimli çıxış edib. Əli Kərimli AŞPA-da Azərbaycanla bağlı hesabatın qəbul edilməməsi ölkədə yeni həbslərə təkan verdiyindən danışaraq deyib: "Hakimiyyət qətnamənin qəbul edilməməsindən istifadə edib özünün feodal dəyərlərini Avropaya sıxışdırmağa çalışır. Biz Ştrasserin hesabatının qəbul edilməməsinə etiraz olaraq bir sənəd hazırlamalı və bunu Avropaya yaymalıyıq".
Əli Kərimli İsmayıllıda baş verən hadisələrə toxunaraq deyib ki, İsmayıllı hadisələri zamanı və ondan sonrakı dövrdə hakimiyyət özünün çirkinliyini bir daha ifşa elədi. Azərbaycan siyasətində kifayət qədər tanınmış siyasi şəxs olan İlqar Məmmədovun həbsi ilə demokratik düşərgəyə göz dağı vermək məqsədi daşıyırdı. Hakimiyyət son həbslərlə ölkədəki gündəmi dəyişmək istəyir".
Əkrəm Əylisinin yazdığı "Daş yuxular" romanına toxunan Əli Kərimli deyib ki, Əylislinin yazdığı roman Azərbaycanın maraqlarına nə qədər ziddirsə, Əylisliyə qarşı aparılan kampaniyalar və bu kampaniyanın dünyada doğurduğu əks səda da o qədər milli maraqlarımıza ziddir. Çünki dünyada bu əsərdən xəbəri olmayanlar da əsərlə maraqlanır. Bu isə Azərbaycanın milli maraqlarına daha çox zərbə vurur"
"Bu gün gənclər sosial şəbəkələrdə birləşərək hakimiyyətin yürütdüyü anti-milli siyasətə etiraz olaraq aksiyalar keçirir. Bunun qarşısını almaq mümkün deyil",- deyə Əli Kərimli bldirib.
Əli Kərimlidən sonra sessiyada iştirak edən digər İctimai Palata üzvləri çıxışlar edirlər. İP üzvləri Səxavət Əlisoy, Sabir Məmmədli, Nurəddin Məmmədlinin çıxışlarından sonra Koordinasiya Şurasının üzvi Pənah Hüseyn çıxış edib.
P.Hüseyn çıxışı zamanı deyib ki, hakimiyyət və onu dəstəkləyənlər minanın üzərində əyləşiblər: "Bu hakimiyyət və onu müdafiə edənlər bilsinlər ki, onlar minanın üzərindədirlər. Ölkə istər dinc, istərsə də inqilabi dəyişiklik üçün yetişib. Müxalif düşərgədə isə hələ də hamı birlikdən danışır. Amma heç kim birlik istiqamətində addımlar atmır".
Sessiyada çıxış edən Müsavat başqanı İsa Qəmbər ölkə gündəmində olan məsələlərə toxunub. Əkrəm Əylislinin yazdığı romana toxunan İ.Qəmbər deyib ki, təbii ki, Əkrəm Əylislinin yazdığı romanın məzmunu ilə biz razılaşmırıq. "Amma Ə.Əylisliyə qarşı olan hücumları da dəstəkləmirik. Hakimiyyət az qala Əkrəm Əylisliyə qarşı terrora çağırış edir".
Musavat başqamı son iki həbs barəsində danışıb. "Tofiq Yaqublunun, İlqar Məmmədovun və ümumiyyətlə, İsmayıllı hadisələrinə görə aparılan həbslər onu göstərir ki, hakimiyyət öz varlığını qorumaq üçün hər cür çirkinliyə əl atmağa hazırdır. İsmayıllıdakı hadisələr xalqımızın əzmini göstərdi. İsmayıllıda xalq ayağa qalxanda baxmırdı ki, onun yanındakı şəxs hansı partiyanın üzvüdür. Cəmiyyət vəziyyətdən narazıdır. Bu səbəbdən sosial partlayışlar baş verir. Ölkədə özünü qorumaq istəyən hakimiyyət var və bu hakimiyyət özünü qorumaq üçün hər şeyə əl atmağa hazırdır. Azərbaycan xalqı ümumxalq hərəkatına tam hazırdır. Biz hakimiyyətin xalqa qarşı cinayətkar siyasətinə son qoymasına nail olmalıyıq" - deyə İsa Qəmbər bildirib.
İsa Qəmbərin çıxışından sonra sessiya başa çatıb.