İcazəsiz aksiyalarda iştiraka görə cəzalar dəfələrlə sərtləşdirilir

Azadlıq bloku mitinq keçirməyə cəhd edib

Milli Məclisin komitəsi qanun layihəsini bəyənib və parlamentin plenar iclasının müzakirəsinə təqdim edib
Azərbaycan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komitəsi kütləvi aksiyaların keçirilməsi qaydalarının pozulmasına görə məsuliyyəti sərtləşdirən düzəlişləri təqdir edib və parlamentin plenar iclasına göndərib

Əsasən “Sərbəst toplaşma haqqında”, “İnzibati Xətalar Məcəlləsi”nə və “Cinayət Məcəlləsi”nə dəyişikliklər nəzərdə tutulur. Təklif edilən yeniliklərin müəllifi deputat Rafael Cəbrayılovdur.

“Sərbəst toplaşma haqqında” qanuna edilən düzəlişə görə, aksiyaların təşkilatçıları bir və ya bir neçə fiziki və ya hüquqi şəxs ola bilər.

“İnzibati Xətalar Məcəlləsi”nə görə, toplaşma azadlığı haqqında qanunu pozanlar ictimai işlərə cəlb olunacaq. Belə ki, “İnzibati Xətalar Məcəlləsi”nin 298-ci maddəsinə düzəlişə görə, icazəsiz aksiyaların təşkilinə görə fiziki şəxslər 1500 manatdan 3000 manatadək cərimə olunacaq, 200-240 saat ərzində ictimai işə cəlb ediləcək və ya 15 sutkaya qədər inzibati həbsə məruz qalacaq.

Vəzifəli şəxslər 3-6 min manat, hüquqi şəxslər 15-30 min manat həcmində cərimələnəcək.

İcazəsiz mitinqlərdə iştirak edənlər 500 manatdan 1000 manatadək cərimə və ya 160-200 saat ərzində ictimai işlə, ya da 15 sutkayadək həbslə cəzalanacaq.

Cinayət Məcəlləsinə təklif edilən düzəlişlərə əsasən aksiyaların keçirilməsi qaydalarının pozulmasına görə 5 min manatdan 8 min manatadək cərimə, 2 il ərzində icbari iş və ya 2 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Müqayisə üçün qeyd edək ki, mövcud qanunvericiliyə görə aksiyaların keçirilməsi qaydalarının pozulmasına görə cərimə 100-500 manat təşkil edir.

İctimai asayişin pozulmasına səbəb olan hərəkətlərin təşkilinə və ya onlarda iştiraka görə 5000 manatdan 8000 manatadək cərimə nəzərdə tutulur. Hazırda həmin hərəkətlər 500 manat məbləğində cərimə ilə cəzalandırılır. Həmin hərəkətlərə görə maksimal cəza tədbiri 3 ilədək azadlıqdan məhrumetmə cəzasıdır.

Əgər qanunsuz aksiyaların iştirakçıları odlu və ya soyuq silahdan, insan həyatına və sağlamlığına təhlükə olan partlayıcı və ya digər maddələrdən istifadə edibsə onları 5000 manatdan 8000 manatadək cərimə və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.