İctimai-siyasi xadim Naxçıvanda zorakılığa məruz qalıb

İbrahim İbrahimli

İbrahim İbrahimli oğurlanıb, döyülüb və təhqirə məruz qalıb
İctimai Palatanın Koordinasiya Şurasının üzvü, parlamentin keçmiş deputatı İbrahim İbrahimli Naxçıvanda oğurlanıb və fiziki təzyiqə məruz qalıb. O Naxçıvanda anadan olub və Bakıdan Naxçıvana bacısı oğlunun yas mərasimində iştirak etmək üçün gedib.

İbrahimli Amerikanın Səsinə bildirib ki, onu aprelin 6-da Babək rayonunun Tumbul kəndində yas mərasimində olarkən təxribata çəkmək üçün öyrədilmiş adamlar göndərilib.

O yas yerində ara qarışmasını istəməyib, oradan uzaqlaşarkən yas çadırının yaxınlığında qabağını mülki geyimli şəxslər kəsib. Onlar özlərini polisin və Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları kimi təqdim edib. İbrahimlini zorla avtomobilə əyləşdirərək aparıblar.

İbrahim İbrahimlinin dediyinə görə, onu Naxçıvan şəhəri istiqamətinə aparıblar və sonra başına torba keçiriblər, Duzdağ deyilən yerə, Araz çayının kənarına apararaq maşından düşürüblər. Onu orada təhqir ediblər və fiziki zor işlədiblər. Daha sonra keçmiş deputatı tənha buraxıb gediblər.

İbrahim bir müddət piyada gedərək Şərur-Naxçıvan avtomobil yoluna çıxıb və Naxçıvan şəhərinə gəlib.

Ona qarşı fiziki zorakılıq edənlər Naxçıvanı dərhal tərk etməyi tələb ediblər. İbrahimlinin Bakıya bileti isə aprelin 7-dir.

İbrahim İbrahimli təhlükənin hələ də sovuşmadığını bildirib.

Bu Naxçıvanda birinci hadisə deyil. Çoxsaylı müxalifət fəalları, QHT nümayəndələri, hüquq müdafiəçiləri, jurnalistlər burada təzyiqlərlə üzləşib. Yerli siyasi və ictimai fəallar da zaman-zaman fiziki təzyiqlərə, həbsə məruz qalır. Bütün bunlara baxmayaraq hadisələrdə əli olan bir nəfər belə məsuliyyətə cəlb edilməyib. Hazırda bura nəinki müxalifət üçün, eləcə də ictimai fəallar və müstəqil jurnalistlər üçün “sirli ada” olaraq qalır.

İctimai Palata (İP) və Xalq Cəbhəsi Partiyası (AXCP) İbrahimliyə qarşı fiziki zorakılığı pisləyən bəyanatla çıxış edib.

AXCP bildirir ki, İlham Əliyev-Vasif Talıbov idarəçiliyi artıq ölkədə bütün mənəvi dəyərləri, əxlaq sistemini dağıdaraq ən ağlasığmaz hərəkətlərə rəvac verməkdədir.

“Bu orta əsrlərə xas qaba, heç bir hüquqi, mənəvi çərçivə tanımayan idarəçilik metodu ölkəni çox ağır nəticələri olacaq qarşıdurmalara sürükləyir. AXCP iqtidarı tutduğu bu təhlükəli yoldan çəkinməyə, daşıdığı məsuliyyəti dərk etməyə çağırır”.

AXCP bəyan edir ki, baş verənlərin birbaşa məsuliyyəti ölkə başçısı İlham Əliyevin üzərindədir. O, ölkə vətəndaşlarına qarşı artıq ən iyrənc formalar almaqda olan düşməncəsinə siyasəti durdurmalı, Azərbaycanın süni qarşıdurmaya sürüklənməsinə imkan verməməlidir.

İP Koordinasiya Şurası isə hakimiyyəti hadisəyə rəsmi münasibət bildirməyə çağırır, günahkarların dərhal məsuliyyətə cəlb olunmasını tələb edib.

“İP KŞ bu biabırçı olaya görə dövlət başçısının rəsmi məsuliyyət daşıdığını xatırladaraq feodal idarəetmə düşüncəsindən çəkinməyə, cəmiyyəti məqsədli olaraq qarşıdurmaya sürükləməməyə çağırır”, sənəddə deyilir.

İndiyədək nə rəsmi Naxçıvan, nə də rəsmi Bakı olaya münasibət bildirməyib.