İbrahim Savalan İran Azərbaycanında ictimai, mədəni və iqtisadi fəlakətlərin türkcənin təhsil ocaqları və rəsmi dövlət dairələrində yasaqlanması ilə başlandığını deyir. Güneyli yazar və türk dili müəllimi Amerikanın Səsi ilə söhbətdə İran Azərbaycanında ana dilində təhsil haqqı tələblərinin hansı səviyyədə olduğu, türk dilində təhsil tələblərinin gündəmə çıxarıldığı hərəkat, fəaliyyətlər və etirazlar haqqında danışmaqla yanaşı İranda yaşayan müxtəlif qeyri-fars qruplar arasında ana dili faktoruna verilən önəmi müqayisə edib.
Your browser doesn’t support HTML5
İbrahim Savalan ana dilində təhsilin bir haqq olduğunu vurğulayır.
İranda yaşayan türklərin ana dilində təhsil və onun dövlət dairələrində rəsmiləşməsi tələbi güclüdür.İbrahim Savalan
“Ana dilində təhsil tələb deyil, haqdır. Yəni insanlar bunu tələb etməsələr də bu onların haqqıdır. Buna görə də bir çox ölkədə təhsil, o da hər şəxsin öz dilində məcburidir,” deyə söyləyən sabiq siyasi məhbusun fikrincə, İranda etnik məsələlər üzrə prezident müşaviri “türk dilində təhsil millətin deyil, bir sıra aydınların istəyidir” deyərək bu haqqı aşağılamışdır.
Yazar İranda müasir təlim-təhsil üsullarının tətbiq edilməyə başladığı dövrdə türk dilində təhsilin gündəmdə olduğuna işarə edərək həmin üsulları ilk dəfə olaraq İran və Güney Azərbaycanda tətbiq edən Mirzə Həsən Rüşdiyyənin hazırlayıb nəşr etdiyi “Ana Dili” və “Vətən Dili” adılı türkcə oxu kitablarından danışır.
Savalanın sözlərinə görə, “İranda yaşayan türklərin ana dilində təhsil və onun dövlət dairələrində rəsmiləşməsi tələbi güclüdür və keçən yüzildə mərkəzi hakimiyyətin egəmənliyini itirdiyi zamanlar ortaya çıxan hərəkatlarda ayaq tutmuş kültürəl və ədəbi çalışmalar kimi özünü göstərib.”
O, bu istiqamətdə bəzi tarixi faktlara işarə edir.
Türk dili müəllimi eləcə də İran İslam İnqilabından sonra ana dilində təhsil haqqı tələbinə dair təşkil olunan fəaliyyətlər, kampaniyalar və etiraz aksiyalarını önə çəkərək məşhur “Türk dilində mədrəsə, olmalıdır hərkəsə” şüarının ardıcıl şəkildə kütləvi etirazlarda səsləndirilməsindən söz açır.
Güneyli faəl həmin fəaliyyətlər və etirazların qismən nəticə verdiyini söyləyir.
“Bu tələblər nəticəsində yetərli olmasa da bir sıra sonuclar alınıb. İrqçi düşüncələr İranda türk varlığını tamamilə silib yox etmək istəyirdi. Televiziyada türkcəni məsxərə və təhqir edirdilər. Türkcə rəsmi dairələrdən qovulmuşdu. Tehran və başqa mərkəzi vilayətlərdə türkcə danışanları cavabsız qoyduqlarına özüm şahid olmuşam. Amma, indi bu boykot sınmağa başlayıb. Türkiyə və Azərbaycan televiziyaları zəngin kültürümüz və xalqımız arasında bağlantı yaratmış, İran prezidenti bu haqlarla bağlı sözlər vermiş. İmza kampanyaları yola salınır və bu tələbləri önə sürür...”
Türklərin bütün ictimai, mədəni və iqtisadi fəlakətləri və ikinci səviyyəli xalq durumuna düşmələrinin səbəbi türkcənin yazı pozu mərkəzlərində yasaq olmasından başlayıb.İbrahim Savalan
Keçən yüz ilin müxtəlif dönəmlərində tətbiq edilən sərt basqılar nəticəsində dil hüquqlarının tələb edilməsində kəsintilərin ortaya çıxdığını qeyd edən yazar azad və demokratik fəzanın olmadığı İranda tələblərin bu qədər də ayaq tutmasından sevindiyini ifadə edir.
O, yaxın dönəmlərdə tətbiq edilən bəzi basqılar o cümlədən, dil hüquqlarından bəhs edən qəzetlərin qapadılması və Dünya Ana Dili Günü mərasimlərinə qatılan fəalların kütləvi şəkildə həbs edilməsindən danışır.
İranda yaşayan qeyri-fars cəmiyyətlər arasında ana dili faktorunun ən çox türklər üçün önəmli olduğuna dair fikirlərlə razılaşan İbrahim Savalan bunun səbəbləri ilə bağlı düşüncələrini Amerikanın Səsinə açıqlayır.
O, məsələnin tarixi cəhətini belə anladır:
“Keçmişdə İranda türkcə, ərəbcə və farsca xaricində dillərin dövlət dili, ya ədəbiyyat və bilim dili olma sabiqəsi yoxdur. İndi farsca rəsmi dildir, ərəbcə də İslam dili olması üçün öyrədilir... Təkcə türk dili min il iqtidardan sonra indi danışıq şivəsi həddinə alçaldılıb. Bu türklərə dözülməz gəlir...”
Yazar həmçinin bəzi etnik qruplar o cümlədən, bəluç, kürd və türkmənlərin fars cəmiyyəti ilə “məzhəb ayrılığı”na işarə edərək, onların tələblərinin dini və milli olmaqla iki fərqli istiqamətə yönəldiyini önə çəkir.
Baxdığımızda türk aydınlarının bu dərəcədə dil məsələsini diqqətə alması bir də İranda türk dilinə qarşı təhqirlərdən asılıdır. Heç xalqın dili bu qədər tapdalanmamış... İranda türklərdən başqa heç xalqın milli adını dəyişdirməyə cəhd etməyiblər. Ərəb, kürd və bəluça başqa ad verilməyib. Amma, türkcəyə rəsmi dairələrdə qondarma Azəri ünvanı verilir.İbrahim Savalan
“Amma türklər, istər Azərbaycan istər Qaşqay türkləri... Bunların çoxunun şiə olduğu üçün farslarla sadəcə dil ayrılığını üzə çıxarırlar,” deyə Savalan söyləyir.
Savalanın bu istiqamətdə toxunduğu digər mövzu isə “İran hakimiyyətləri tərəfindən türkcənin adının dəyişdirilməsinə dair cəhdləri”dir:
“Baxdığımızda türk aydınlarının bu dərəcədə dil məsələsini diqqətə alması bir də İranda türk dilinə qarşı təhqirlərdən asılıdır. Heç xalqın dili bu qədər tapdalanmamış... İranda türklərdən başqa heç xalqın milli adını dəyişdirməyə cəhd etməyiblər. Ərəb, kürd və bəluça başqa ad verilməyib. Amma, türkcəyə rəsmi dairələrdə qondarma Azəri ünvanı verilir.”
Onun dediklərinə görə, “bəlkə də türkcənin neçə ölkədə rəsmi dil olması İran irqçilərini qorxuya salır. Səbəbi hər nə olur olsun, vurğulamalıyam, İranda heç dil türkcə qədər basqıya məruz qalmayıb.”
İbrahim Savalan əlavə olaraq məsələ ilə bağlı 1941-ci ildə Təbrizdə nəşr edilən Azərbaycan qəzetinin dərc etdiyi məqalədə yazılanlara işarə edir.
Onun sözlərinə görə, “həmin məqalədə türklərin bütün ictimai, mədəni və iqtisadi fəlakətləri və ikinci səviyyəli xalq durumuna düşmələrinin səbəbi türkcənin yazı pozu mərkəzlərində yasaq olmasından başlandığı yazılır.”
Fəaliyyətləri üzündən dəfələrlə həbs və mühakiməyə məruz qalmış İbrahim Savalan habelə öz zindan təcrübələrindən söz açaraq Azərbaycan vilayətlərində türk dilinin rəsmi dairələri, o cümlədən məhkəmələrdə işlədilməməsi üzündən əhalinin qarşılaşdığı zərərlər və problemlərdən söz edir.
Amnesty International təşkilatının bəyanatlarına istinadən, fars dilini anlamayan müttəhimlərin bəzisi onlara qarşı irəli sürülən ittihamları başa düşmür. Beynəlxaq insan haqları qurumu, o cümlədən, ötən illərdə daşqalaq cəzasına məhkum edilmiş Səkinə Məhəmmədi Aştiyani və Şamama Qurbaninin sadəcə türkcə bildiklərini və sorğu-sual prosesində imzalamaq məcburiyyətində qaldıqları farsca sənədlərin nədən ibarət olduğunu anlamadıqlarını qeyd edib.