Hərbi prokuror: “Tərtər işi”ndə hərbçilərə qarşı kütləvi işgəncələr həyata keçirilib

“Müəyyən etmişik ki, “Tərtər işi”ndə təkcə işgəncə işi üzrə 100-dən çox şəxsə müxtəlif formada fiziki zorakılıq həyata keçirilib.”

Baş prokurorun müavini - Azərbaycanın Hərbi prokuroru, Xanlar Vəliyev bunu noyabrın 1-də bildirib.

Onun dediyinə görə, istintaqın gedişində bəzi şəxslər məsuliyyətə cəlb olunsalar da, sonradan təqsirsiz olduqları aşkar edilib.

“Ona görə də həmin şəxslərin barəsindəki cinayət işinə xitam verildi. Demək istəyirəm ki, Hərbi Prokurorluq obyektiv olmağa çalışıb. Zənn edirəm ki, buna nail olub,” Vəliyev bildirib.

Xanlar Vəliyev əlavə edib ki, belə hallar hər bir azərbaycanlı üçün qara ləkədir və belə hallar əvvəllər də olub, onlara qarşı mübarizə aparılıb, məhkəmə məsuliyyətinə cəlb ediliblər.

“Belə olmasaydı, bizim ordumuz təmizlənməsəydi, bəlkə də biz çox pis vəziyyətdə qalardıq və bu qələbəni də qazana bilməzdik. İkinci Dünya müharibəsi vaxtı sovet ordusunun diviziyası belə satılmışdı,” hərbi prokuror vurğulayıb.

Vəliyev qeyd edib ki, Hərbi Prokurorluğun apardığı istintaq zamanı müəyyən olunub ki, Hərbi Prokurorluq istintaq aparana qədər olan dövrdə ayrı-ayrı şəxslərə qarşı - söhbət dövlətə xəyanətdə şübhəli bilinən şəxslər barəsində gedir - fiziki zorakılıqlar, həm də çox ciddi zor tədbirləri həyata keçirilib.

“Nəticədə Hərbi Prokurorluq, biz, cinayət işini aparana kimi bir nəfər şəxs vəfat etmişdi, kütləvi şəkildə hərbçi şəxlərə qarşı qeyri-qanuni işgəncələr həyata keçirilib və cinayət işi başladıldı.”

Onun dediyinə görə, Müdafiə Nazirliyinin tibb xidmətindən böyük briqadada həkimlər gəlib, hansı şəxslərin hansı dərəcədə müalicə ehtiyacı olduğunu müəyyənləşdirilib.

“Bir qism insanlar mərkəzi hospitala təxliyə olundu, çünki onlara çox ciddi fiziki zorakılıq tədbirləri həyata keçirilmişdi. Həmin adamların böyük bir qisminin həyatı xilas olundu. Həmin iş üzrə 16 nəfər müxtəlif vəzifəli şəxslər cinayət məsuliyyətinə alındı, sonra məhkəmə məsuliyyətinə verildi və barələrində müxtəlif uzunmüddətli hökm qərarı qəbul olundu. Onlar da hökmlərdən şikayət verdilər. Lakin nə apellyasiya, nə də kassasiya məhkəməsi həmin şikayətləri qəbul etdi. Hesab etdi ki, istintaq orqanları onlara istinad olunan ittihamları əsaslı və qanuni verib. Hökmlər qüvvəsində saxlanıldı” - deyə, o bildirib.

2017-ci il mayın 7-də Azərbaycan Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə və Daxili İşlər nazirlikləri birgə bəyanat yayıb. Onlar Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxsin həbs edildiyini bildirib. Birgə açıqlamada qeyd edilib ki, Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb.

Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmə zaman işgəncə nəticəsində vəfat etdiyi ilə bağlı iddialar yayılıb. Baş Prokurorluq həmin iddiaların yer aldığı bəzi saytların rəhbərlərini çağıraraq onlara rəsmi olmayan bu məlumatları yaydıqlarına görə xəbərdarlıq verib.

Rəsmi qurumlar bu prosesdə nə qədər şəxsin həbs edildiyi, onlardan ölən olub-olmadığı və məhkəmə qərarları ilə bağlı hər hansı açıqlama verməyib.

Məhkəmə prosesləri də, əsasən, qapalı keçirilib.

2021-ci il iyunun 26-da Avropa Şurası Parlament Assambleyasının 24 üzvü Azərbaycanda işgəncələrin araşdırılması təşəbbüsü ilə çıxış edib.

Sənəd müəllifləri "Tərtər işi"ndə miqyaslı işgəncələr faktı ilə əlaqədar araşdırmanın zəruriliyini bildiriblər. Belə ki, 200-dən artıq hərbçi bu işin qurbanı olub, onlardan 11-i vəfat edib.

"Parlament Assambleyası Azərbaycanda işgəncələrə və qeyri-insani rəftara dair məlumatların sayının artmasından narahatdır. Məsələn, 2017-ci ildə Azərbaycanın cəbhə bölgələrindən olan 1000-dən çox hərbçi və mülki şəxs casusluqda və dövlət xəyanətində şübhəli bilinərək saxlanılıb. Onların barəsində 200-dən çox cinayət işi açılıb, onların çoxu işgəncələrə və qeyri-insani rəftara məruz qalıb. 2017-ci il mayın 1-dən 17-dək işgəncələr nəticəsində on bir nəfər ölüb.

25 nəfər işgəncə altında dindirmə zamanı əldə edilmiş məlumatlar əsasında dövlətə xəyanətə görə mühakimə olunub və yeddi ildən iyirmi ilədək müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

İşgəncə altında qətlə yetirilmiş 11 nəfərdən 5-i ölümündən sonra bəraət alıb. Azərbaycan hakimiyyəti guya işgəncələrə və qeyri-insani rəftara məruz qalmış 135 nəfərdən yalnız 102-ni zərərçəkmiş kimi tanıyıb. Lakin heç kim dəyən zərərə görə kompensasiya almayıb," sənəddə deyilir.