Yanvarın 12-də Qubadlı rayonu istiqamətində (Bakıdan 386 kilometr cənub-qərb) mina partlayışı nəticəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin mayoru Sərxan Muxtarov həlak olub.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Dövlət Sərhəd Xidməti zabitin minaya düşərək həlak olması barədə hələ məlumat yaymayıb. Bununla yanaşı, qurum zabitin həlak olması barədə xəbərləri təkzib etməyib. Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti Amerikanın Səsinin bununla bağlı sualını da cavablandırmayıb.
SEE ALSO: ANAMA direktoru: BMT-nin nümayəndəsi dəvət edilib, minalanmış ərazilərdə qiymətləndirmə aparılıbYanvarın 13-də həmçinin ermənilərin yaşadığı Mardakert (Ağdərə) qəsəbəsində “Mardakert bağları” deyilən ərazidə bir mülki şəxs (ekskovatorçu) mina partlayışı nəticəsində həlak olub.
Qarabağda döyüş əməliyyatları dayandırıldıqdan sonra (2020-ci il noyabrın 10-dan) ondan çox hərbi qulluqçu və mülki şəxs mina partlaması nəticəsində həlak olub.
Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar 30 ildən artıq davam edən münaqişədə 90-cı illərin əvvəllərindən sonra ən ciddi hərbi toqquşmalar olub. Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini, o cümlədən 5 rayonu, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb. Razılışmaya əsasən, Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycanın nəzarətinə qaytarıb.
Döyüş gedən ərazilərin ermənilər yaşayan hissəsində Rusiya Müdafiə Nazirliyi, Azərbaycan Ordusunun nəzarətində olan hissəsində isə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi, Azərbaycan, Türkiyə və Rusiya Müdafiə Nazirliklərinin minaaxtaranları işləyir.
SEE ALSO: Azərbaycan BMT, Avropa İttifaqı və Dünya Bankı ilə ərazilərin bərpası işlərini müzakirə edibAzərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin məlumatına görə, 2021-ci il yanvarın 9-dan 12-dək 126 ədəd partlamamış hərbi sursat (PHS), 3 ədəd bombacıq, 6 ədəd piyada əleyhinə mina, 47 ədəd tank əleyhinə mina, 19 ədəd tank əleyhinə mina partladıcısı, 10 752 ədəd müxtəlif çaplı patron, 1 ədəd PKA silahı və 38 ədəd partlamış mərmi qalıqları aşkar olunub. Agentliyin partlayış qrupu tərəfindən 112 ədəd partlamamış hərbi sursat (PHS) və 602 ədəd mina zərərsizləşdirilib.
Ümumilikdə agentlik tərəfindən 27 sentyabr 2020-ci – 12 yanvar 2021-ci il tarixlərində 2 772 ədəd partlamamış hərbi sursat (PHS), 4 571 ədəd piyada əleyhinə mina, 1 604 ədəd tank əleyhinə mina, 1 934 ədəd tank əleyhinə minanın partladıcısı, 77 ədəd detonator, 1 444 ədəd 9N235 bombacıqları, 35 267 ədəd müxtəlif çaplı patronlar, 2 ədəd qaz qumbarası, 5 968 qram qara barıt, 275 kq plastik partlayıcı maddə, 100 metr boru şəkilli partlayıcı yük, 150 kq amonium-nitrat tərkibli partlayıcı maddə, 27 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, 7 ədəd dron (zərərsizləşdirilmişdir), 2 ədəd raketin mikrosxemi və 2 006 ədəd partlamış raket hissələri aşkar olunb.
SEE ALSO: Türkiyə Milli Müdafiə Nazirliyinin 136 nəfərlik minatəmizləmə qrupu Azərbaycana gəlibRusiya Müdafiə Nazirliyi bildirir ki, yanvarın 12-dək Rusiya sülhməramlı kontingentinin mütəxəssisləri Dağlıq Qarabağda (ermənilər yaşayan hissədə-red) 37,6 hektar ərazini minalardan təmizləyib, 689 partlayıcı maddə aşkar edərək məhv edib.
"Ümumilikdə, Dağlıq Qarabağda minaların təmizlənməsi zamanı (23 Noyabr 2020-ci il tarixdən) 517,8 hektar ərazi, 197,8 kilometr yol, 750 yaşayış binası, o cümlədən 24 sosial əhəmiyyətli obyekt partlamamış hərbi sursatlardan təmizlənib, 23 404 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib," Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.
Hərbi ekspert, Azərbaycan Ordusunun keçmiş korpus komandiri Şair Ramaldanov Amerikanın Səsinə müsahibəsində bildirib ki, münaqişə gedən ərazidə basdırılan minaların miqdarını və növünü demək mümkün deyil.
“Minalar daha çox düzənlik ərazilərdə basdırılıb,” o qeyd edib.
Ekspert Azərbaycan hökumətinin minaların təmizlənməsi üçün kömək məqsədi ilə beynəlxalq qurumlara müraciət etdiyini bildirib.
SEE ALSO: Rusiya mütəxəssisləri Ağdamda 100 hektar ərazini minadan təmizləyəcəkOnun fikrincə, minaların təmizlənməsi illərlə davam edəcək.
“Minalanmış sahələrin xəritələri yoxdur. Bu səbəbdən hansı ərazilərə nə qədər və hansı minaların döşənməsi barədə məlumat mövcud deyil. Düşünürəm ki, ilk olaraq prioritet istiqamətlər minalardan təmizlənəcək. Mina təhlükəsi olan yerlər mühafizə olunacaq ki, oraya insanlar daxil olmasın. İlk olaraq infrastrukturun bərpasında hansı istiqamətlər prioritet təşkil edəcəksə, o ərazilərdə mina təmizlənməsi tez zamanda həyata keçiriləcək. Kənd təsərrüfatı üçün yararlı torpaqlar, o cümlədən yaşayış məntəqləri minalardan birinci növbədə təmizlənəcək.”
Keçmiş korpus komandiri Azərbaycanın azad edilmiş ərazilərində İran və Ermənistanla sərhəddə də minaların basdırldığını bildirib.
"İndi sərhədlər hüquqi cəhətdən bərpa olunub və orada Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları xidmət aparır. Amma dövlət sərhədinə aid olan texniki vasitələr və digər atributlar hələ qurulmayıb. Bu məsələlər praktiki şəkildə həll olunanda minalardan təmizlənmə də həyata keçiriləcək. Azərbaycanın İranla və Ermənistanla sərhədində çoxsaylı minaların olması gözləniləndir,“ o qeyd edib.