Səudiyyə Ərəbistanı şənbə günü elan edib ki, koronavirus pandemiyası səbəbilə bu ilki Həcc ziyarəti 60 000 insanla məhdudlaşacaq və onların hamısı krallığın özündən olacaq.
Səudiyyə Ərəbistan ötən il virus səbəbilə çox sadə həcc ziyarəti təşkil etmişdi, amma yenə də çox az sayda zəvvarın mərasimdə iştirak etməsinə icazə vermişdi.
Dövlətə məxsus Saudi Press xəbər agentliyinin yaydığı bəyanatda bu açıqlamanın krallığın Həcc və Ümrə Nazirliyindən gəldiyi bildirilib. Nazirlik bildirib ki, iyul ayının ortasında başlayacaq həcc ziyarətində 18 ilə 65 yaşı arasında insanlar iştirak edə biləcək.
Nazirlik həmçinin qeyd edib ki, zəvvarların hamısı vaksin olmalıdır.
“Hər il zəvvarlara ev sahibliyi etməkdən qürur duyan Səudiyyə Ərəbistan Krallığı təsdiq edir ki, bu qərar zəvvarların sağlamlığı, təhlükəsizliyi, habelə onların ölkələrinin təhlükəsizliyi ilə bağlı narahatlıqla səbəbilə verilir,” bəyanatda bildirilir.
Ötən ilki Həcc ziyarətində Səudiyyə Ərəbistanda yaşayan 1000 nəfər iştirak etmişdi. Onların üçdə ikisi Səudiyyə Ərəbistanda yaşayan və adətən Həccə gedən 160 müxətlif millətdən olan insanlar idi, digər üçdə biri isə səudiyyəli təhlükəsizlik və tibb işçiləri idi.
Hər il Həccə iki milyon müsəlman gedir. Bütün qüdrəti olan müsəlmanlardan həyatlarında bir dəfə Həccə getmələri tələb olunur və bu keçmiş günahları silmək, təvazökarlıq və müsəlmanlar arasında birlik yaratmaq məqsədi daşıyır.
Həcc ziyarəti ətrafında hər zaman xəstəliklə bağlı narahatlıqlar mövcud olub. Zəvvarlar arasında 632-ci ildə malyariya halları ortaya çıxıb, 1821-ci ildə vəba təxminən 20 000 zəvvarın ölümünə səbəb olub, 1865-ci ildə bir başqa vəba epidemiyası 15 000 zəvvarı öldürüb və daha sonra bütün dünyaya yayılıb.
Yaxın illərdə isə Səudiyyə Ərəbistanı Yaxın Şərq Tənəffüs Sindromu (MERS) xəstəliyinə səbəb olan koronavirusun bir digər forması ilə üzləşirdi. Krallıq bu səbəblə 2012 və 2013-cü illərdə Həcc zamanı ictimai sağlamlıq tədbirlərini artırmışdı və yaşlı və xəstələri Həccə getməməyi tövsiyyə etmişdi.
Səudiyyə Ərəbistanı rəsmiləri həmçinin son illərdə Ebola virusuna məruz qalan ölkələrdən zəvvarlara qadağa tətbiq edib.
Səudiyyə Ərəbistanı koornavirusun yayılmasının qarşısını almaq üçün aylarca sərhədini bağlayıb. Pandemiya başlayandan krallıqda 462 000 yoluxma, 7500 ölüm halı qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə ölkədə 15.4 milyon doza koronavirus vaksini tətbiq olunub. Səudiyyə Ərəbistanının əhalisi isə 30 milyondur.