Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist Polad Aslanov aclıq aksiyasını dayandırıb.
Bu barədə jurnalistin həyat yoldaşı Gülmirə Aslanova Amerikanın səsinə bildirib.
Onun sözlərinə görə Polad Aslanov səhhətində yaranan problemlərə görə aclıq aksiyasnı dayandırıb.
Polad Aslanov 5 gün idi aclıq aksiyası edirdi. O, Elçin Sadıqova qarşı təzyiqlərə etiraz olaraq bu addımı atıb.
“Polad Aslanov zəng etmişdi. Səhhətində yaranan problemlərə görə aclıq aksiyasını dayandırıb. Səsi pis çox gəlirdi" - deyə, o bildirib.
Həyat yoldaşı qeyd edib ki, Polad Aslanovun çəkisi 41 kiloqramdır, ürək -damar xəstəsidir, qan azlığından əziyyət çəkir.
Your browser doesn’t support HTML5
O qeyd edib ki, Aslanov aclıq aksiyası keçirdiyi zaman evlə əlaqəsinə məhdudiyyət qoyulsa da artıq bu məhdudiyyət aradan qaldırılıb.
Gülmirə Aslanova onu da qeyd edib ki, Polad Aslanov ona cəzaçəkmə müəssisəsində heç bir tibbi yardım göstərilmədiyini deyib.
Penitensiar Xidmətdən isə Polad Aslanovun aclıq etməsi barədə dediklərinə münasibət öyrənmək mümkün olmayıb.
Xatırlama
xeberman.com saytının təsisçisi və baş redaktoru Polad Aslanov ötən il iyunun 12-də saxlanıb. O, CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Bu maddədə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.
DTX-nın yaydığı rəsmi açıqlamada iddia olunur ki, Polad Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pula görə qəbzləri imzalayıb. Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.
Polad Aslanova qarşı irəli sürülmüş ikinci ittihamda - CM-in 134-cü (öldürməklə hədələmə) maddəsində 2 min manata qədər cərimə, 2 ilədək islah işləri və bu müddətdə həbs nəzərdə tutulub. O, saytlardan birinin əməkdaşı Dəyanət Babayevi hədələməkdə təqsirləndirilir.
Polad Aslanov ittihamların heç birini qəbul etmir, xaricə ziyarətə zəvvarları aparan şirkətlərdən xüsusi xidmət orqanları əməkdaşlarının rüşvət alması barədə yazılarına görə sifarişlə cəzalandırıldığını bildirir.