Həbsdə olan keçmiş deputat Müalicə Müəssisəsinə köçürülüb

Hüseyn Abdullayev

Aprelin 23-də vəkil Cavad Cavadov həbsdə olan keçmiş deputat Hüseyn Abdullayevin xəstəliyi ilə bağlı sosial şəbəkələrdə fotofaktlar dərc etdikdən sonra o, Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülüb.

Vəkilin sözlərinə görə, Abdullayev aprelin 12-dən 17-dək bərəatverici əsaslarla dərhal azadlığa buraxılması tələbi ilə aclıq aksiyası keçirib. Bu zaman onun səhhəti kəskin pisləşib.

“Abdullayev aclığı dayandırsa da, onun vəziyyəti nəinki yaxşılaşıb, əksinə, pisləşir. Belə ki, daxili qanaxma güclənib. Həyatına ciddi təhlükə var," vəkil deyib.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimai əlaqələr şöbəsindən bildiriblər ki, bütün məhbusların, o cümlədən Abdullayevin sağlığı diqqət mərkəzindədir. Zərurət olduqda məhbuslara lazımi tibbi yardım göstərilir.

2020-ci ilin oktyabrında Birləşmiş Millətlər Təşkilatının özbaşına həbslər üzrə İşçi Qrupu Abdullayevin həbsinin və ekstradisiyasının qanunsuz olduğunu tanıyıb və onun azadlığa buraxılmasına çağırıb.

1990-cı illərdə Hüseyn Abdullayev neft və neft məhsulları ilə bağlı biznesdə aparıcı mövqe tutub. 2005-ci ildə parlamentin deputatı olub və Nazirlər Kabinetinin fəaliyyətini tənqid edib. 2007-ci ilin martında parlamentin iclasında deputat Fəzail Ağamalı ilə arasında münaqişə yaranıb. Bundan sonra Abdullayev cəzalandırılıb. Öncə onu həbs ediblər, sonra xuliqanlığa görə şərti olaraq 2 il azadlıqdan məhrum ediblər.

O, 2013-cü ildə Azərbaycandan mühacirətə gedib. Almaniyada yaşayan keçmiş deputat Azərbaycan rəsmilərini sosial şəbəkələrdə kəskin tənqid edib, kütləvi etirazlara çağıran “Susma” adlı tənqidi klip yayımlayıb. Bir müddət sonra ona qarşı vergi ittihamı ilə cinayət işi qaldırılıb. 2018-ci il aprelin 22-də Almaniyadan Türkiyəyə gəldikdən sonra orada saxlanılıb və Azərbaycana ekstradisiya edilib.

Bakıda onu Azərbaycan Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə ), 178.2.1 (dələduzluq), 178.2.2, 178.2.4 (dələduzluq), 182.2.1 (bir qrup şəxslə qabaqcadan əlbir olaraq hədə yolu ilə tələbetmə), 182.2.2 (həmin hərəkətlər təkrar törədildikdə) və 182.2.4 (həmin hərəkətlər təkrar törədildikdə, zərərçəkənə külli miqdarda ziyan vurmaq) maddələri ilə ittiham olunub. Sonra 6 il müddətinə azadlıqdan məhrum edilib.