Həbsdə olan hüquq müdafiəçisi müalicə müəssisəsinə yerləşdirilib

Elçin Məmməd

Hazırda həbsdə olan jurnalist və hüquq müdafiəçisi Elçin Məmməd iyunun 12-də Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə yerləşdirilib. Onun xəstəxanada ətraflı müayinə olunacağı bildirilir.

Bu barədə Elçin Məmmədin rəhbəri olduğu “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, müalicə müəssisəsində hüquq müdafiəçisi ultrasəs müayinəsindən keçiriləcək və hepatit C xəstəliyi ilə bağlı müəyyən təhlillər aparılacaq. O, venanın varekoz genişlənməsi və prostatit ilə bağlı da yoxlamadan keçiriləcək.

İyunun 8-də Elçin Məmmədin vəziyyəti qəfil pisləşib, təyziqi düşüb və hüquq müdafiəçisi huşunu itirib. O, saxlanıldığı 16 saylı cəza çəkmə müəsissəsinin tibb məntəqəsinə məhkum yoldaşlarının köməkliyilə gətirilib. Həkimlər Elçin Məmmədin vəziyyətinə operativ müdaxilə ediblər və ona müvafiq iynələr vurulub. Bundan sonra hüquq müdafiəçisinin vəziyyəti stabilləşib və o özünə gəlib. O daha sonra Ədliyyə Nazirliynin Müalicə Müəssisəsinə köçürülüb.

“Hüquq müdafiəçisinin bronxlarında da problem var, nəfəs almaqda çətinlik çəkir, böyrəkləri normal funksiya yerinə yetirmir, artıq ayaqları da şişib, yeriyə bilmir. Elçin Məmməd hepatit C xəstəsidir, həbsxana şəraiti onun səhhətinə mənfi təsir edir və onun ciddi şəkildə müalicəyə ehtiyacı vardır,” “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyi bildirir.

2020-ci il oktyabrın 17-də Sumqayıt Şəhər Məhkəməsi Elçin Məmmədovu “oğurluqda” və “qanunsuz döyüş sursatı və silah saxlamaqda” təqsirli bilərək, 4 il müddətinə azadlıqdan məhrum edib.

Hüquq müdafiəçisi 2020-ci ilin martında həbs edilib. Ondan hüquqi yardım göstərdiyi qadın şikayət edib. Bu qadın daha əvvəl criminal.az saytının redaktoru Anar Məmmədovdan da şikayət etmişdi.

Məmməd cinayət işini hüquq müdafiə fəaliyyəti ilə əlaqələndirir. Amnesty International, PEN, FIACAT və digər beynəlxalq təşkilatlar Məmmədin həbsini pisləyiblər. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.