Həbs olunan iranlı jurnalistə qarşı yeni 'absurd' ittiham irəli sürülüb

Sərhədsiz Reportyorlar (RSF) təşkilatı 2015- ci ildən bəri həbsdə olan iranlı jurnalisti və insan haqları müdafiəçisi Nərgiz Məhəmmədi barəsində çıxarılan ən son "absurd ittiham"-ı pisləyib.

Parisdə qərargahlanan media azadlığı təşkilatı iyunun 12-də BMT-nin İrandakı insan hüquqları ilə bağlı xüsusi məruzəçisi Cəvaid Rəhmanı "İranda ən uzun müddətdir həbsdə saxlanılan qadın jurnalistin sərbəst buraxılmasını təmin etmək üçün tez bir zamanda müdaxilə və mümkün olan hər şeyi etməyə" çağırıb.

Eyni zamanda İranda İnsan Hüquqları Müdafiəçilərinin Mərkəzinin sözçüsü olan Məhəmmədi, digər ittihamlarla yanaşı, hökumət əleyhinə təbliğat və ölüm cəzasına qarşı çıxan qadağan olunmuş qrupa üzv olmaqda təqsirli bilildikdən sonra 10 il müddətində həbsə məhkum edilib.

Jurnalistin qardaşının İranın məhkəmə orqanlarına göndərdiyi son açıq məktubundan bəlli olur ki, Nərgiz Məhəmmədi indi də şiələrin müqəddəs hesab etdiyi İmam Hüseynin yeddinci əsrdə öldürülməsi səbəbilə keçirilən "matəm günlərində həbsxanada rəqs etməkdə" günahlandırılır.

Hazırda Norveçdə mühacirət həyatı yaşayan Mehdi Məhəmmədi bacısının səhhətində ciddi problemlərin olduğunu lakin "onun xəstəxanadan kənarda həkimə getməsinə icazə verilmədiyini və nəticədə həkimin onun kamerasına getdiyini" yazır.

"Nərgiz Məhəmmədiyə qarşı təqiblər Kəşfiyyat Nazirliyinin və ədliyyə sistemindəki yüksək vəzifəli məmurlarının istəyi ilə məhkəmə sistemində ayrı-seçkiliyin aparıldığının sübutudur" deyə Sərhədsiz Reportyorlar Təşkilatının İran-Əfqanıstan bölməsinin rəhbəri Reza Moini bildirir.

47 yaşlı Nərgiz Məhəmmədi bir sıra nüfuzlu mükafatlara, o cümlədən 2018-ci ildə insan hüquqlarının qorunmasında üstün liderliyinə görə Amerika Fiziki Cəmiyyətinin Andrey Saxarov Mükafatına layiq görülüb.

İran Sərhədsiz Reportyorlar Birliyinin 2020-ci il Dünya Mətbuat Azadlığı İndeksində 180 ölkə arasında 173-cü yerdədir.