Hüquq müdafiəçisinin işi ilə bağlı hökm oxunub

Your browser doesn’t support HTML5

Oqtay Gülalıyevi vuran şəxsə hökm oxundu

Yanvarın 25-də Nəsimi Rayon Məhkəməsində Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hüquq müdafiəçisi Oqtay Gülalıyevin işi ilə bağlı qərar elan edilib.

Məhkəmə yol-nəqliyyat hadisəsini törətməkdə ittiham olunan Kənan Abdullayevi Cinayət Məcəlləsinin 263.1.-1 maddəsi (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) üzrə təqsirli bilib. Ona 2 il 3 ay həbs cəzası verib.

Məhkəmənin qərarı ilə Kənan Abdullayev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Bundan əlavə Abdullayev avtomobil sürmək hüququndan 3 il müddətinə məhrum edilib.

Oqtay Gülalıyev 29 oktyabr 2019-cu ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində kəllə-beyin travması alıb və bir neçə saatdan sonra komaya düşüb. Əməliyyat yalnız növbəti gün həyata keçirilib və mütəxəssislərin rəyinə görə, bu müddətdə beyinə qan sızması artıb. Oktyabrın 31-də isə o, "City Hospital"da əməliyyat edilib. Noyabrın 1-də Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb. 2019-cu il noyabrın 5-də Heydər Əliyev Fondunun dəstəyi ilə müalicəsini davam etdirmək üçün Türkiyənin İstanbuldakı Avrasiya Klinikasına yerləşdirilib. Noyabrın 20-dən onun müalicəsi Amerika Xəstəxanasında davam etdirilib.

Fəalın sağlamlığının müsbət dinamikasına baxmayaraq, hələ də huşu özünə gəlməyib. Gülalıyev noyabrın 8-də Bakıya gətirilib. Onun müalicəsi ev şəraitində davam etdirilir.

Oqtay Gülalıyevi vuran avtomobilin sürücüsü hadisəni qəsdən törətmədiyini, bunun ehtiyatsızlıqdan baş verdiyini söyləyib. Ancaq Azərbaycanda bəzi fəallar, müxalifət təmsilçiləri rəsmi açıqlama və sürücünün dediklərinə şübhə ilə yanaşırlar.

Bu müddət ərzində hüquq müdafiəçisi dörd dəfə əməliyyat olunub.