Hüquq müdafiəçisi: Məhbus məhkəmədə komaya düşdü

"Gəncə işi"ndə ittiham olunanlar (Foto Oqtay Gülalıyevin facebook səhifəsindəndir)

Mayın 2-də Bakının Sabunçu rayon Məhkəməsində 2018- ci ilin iyulunda baş vermiş Gəncə hadisələri ilə bağlı növbəti məhkəmə prosesində insident baş verib.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev Facebook səhifəsində bildirib ki, insidentin baş verməsinə səbəb təqsirləndirilən şəxs Şahin Verdiyevin infarkt keçirib Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində ağır vəziyyətdə olmasına baxmayaraq, onun məhkəməyə gətirilməsi olub.

“İki nəfərin qolları arasında məhkəməyə gətirilən Şahini gözlərimizlə gördük ki, ağzı əyilib, hissiyatı yox kimidir və bədənini bir tərəfi işləmir, rəngi göyərmişdi. Şahinin səhhətinin ağlr olmasına baxmayaraq, hakim Dadaş İmanovun prosesi davam etdirmək cəhdi onunla valideynlər arasında mübahisənin yaranmasına səbəb oldu. İnsidentə məhbuslar da müdaxilə etdi. Bu zaman məhbuslarsan biri-Asif Cavadov ani olaraq yerə yıxıldı və huşu özündən getdi. Bir neçə dəqiqə içində o, koma vəziyyətinə düşdü. Məhkəmə prosesi dayandırıldı və məhkəmə binasına Təcili Tibbi yardım çağırıldı. Bu zaman başqa bir məhbus onlara qarşı baş verən haqsızlığa etiraz əlaməti olaraq özünə qəsd edəcəyini bildirdi,” hüquq müdafiəçisi qeyd edib.

Həkimlər Şahin Verdiyevlə Asim Cavadovun vəziyyətinin kritik olduğunu bildirərək onları təcili şəkildə xəstəxanaya aparıb.

“Hazırda onlar hansı vəziyyərdədir xəbərimiz yoxdur. Məhkəmə təxirə salınıb,” o yazır.

“Gəncə işi" ilə bağlı məhkəmədə də ədalətsizlik, amansızlıq və işgəncələr davam edir. Əslində bu gün baş verənlər növbəti insanlıq dramı idi,” Gülalıyev qeyd edib.

Məhkəmədə baş verən insidentə rəsmi qurumlar hələ münasibət bildirməyib.

Martın 1-də Sabunçu Rayon Məhkəməsində Gəncə hadisələri ilə bağlı həbs edilən iki qrupa hökm oxunub. Onlar Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, odlu silahın, partlayıcı maddələrin tətbiq edilməsi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşlar) maddəsi ilə ittiham ediliblər.

Bəzilərinin əlavə olaraq Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət) maddəsi ilə də təqsirli bilindiyi qeyd olunur.

Birinci qrupda mühakimə olunan 6 şəxsə 6 ildən 8 ilə qədər həbs verilib. İkinci qrupda mühakimə olunan 8 şəxsin isə 5 ildən 8 ilə qədər cəza aldığı qeyd olunur.

Baş Prokurorluq Gəncə hadisələri ilə bağlı ümumilikdə 6 qrupun (51 nəfər) işinin məhkəməyə göndərildiyini açıqlayıb. Baş Prokurorluqda bu il fevralın 7-də keçirilən iclasda qeyd edilirdi ki, Gəncədə iyulun 3-də icra hakimiyyəti başçısına sui-qəsdlə bağlı 29 nəfər haqqında həbs qətimkan tədbirlərinin seçilməsi təmin edilib. Həmin şəxslərdən 11-nin barəsində beynəlxalq axtarış elan olunub.

Prokurorluq bildirib ki, Gəncədə iyulun 10-da baş verən hadisələr və iki polisin öldürülməsi ilə bağlı isə 59 şəxslə bağlı həbs qətimkan tədbiri seçilib.

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.

Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə orqanları baş verənləri terror hesab edir və iddia edirlər ki, Yunis Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub.

Yunis Səfərov bu iddialarla bağlı münasibətini hələlik ictimaiyyətə açıqlamayıb. Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetirilib.

Bu hadisələrlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüblər (rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyirlər).

Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia edib.