Hüquq müdafiəçisi: Bütün siyasi və vicdan məhbuslarının azadlığa buraxıImasını xahiş edirəm

6 saylı cəzaçəkmə müəssisəsi

“31 dekabrda- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə siyasi məhbusların, xüsusilə, Qarabağın azadlığı uğrunda vuruşan şəxslərin azadlığa buraxılmasını rica edirəm.”

Bu barədə "Müdafiə Xətti" Hüquq Müdafiə Təşkilatının rəhbəri Rüfət Səfərovun prezident İlham Əliyevə müraciətində deyilir.

“Bütün siyasi və vicdan məhbuslarının azadlığa buraxıImasını xahiş edirəm,” hüquq müdafiəçisi qeyd edir.

SEE ALSO: Azərbaycanda 192 siyasi məhbus var - hüquq müdafiəçiləri yeni siyahı açıqlayıb

Səfərov hesab edir ki, hazırda həbsxana və cəzaçəkmə müəssisələrində heç bir təqsiri, cinayət qanunvericiliyi ilə cəza təhdidi altına alınmalı olan, lakin ictimai təhlükəli əməlləri olmayan xeyli vətəndaş saxlanılır.

“Onlar hazırkı üsul-idarəyə qarşı tənqidi mövqedə dayandıqlarına görə illərdir ki, cəmiyyətdən təcrid olunublar. Və o rəylə şərikəm ki, saysız-hesabsız siyasi məhbusun azadlığa buraxılması hazırkı hakmiyyətə heç bir təhlükə vəd etmir. Tam əksinə, yerli və beynəlxalq auditoriyanın, hüquq ictimaiyyətinin, müxalif fikir daşıyıcılarının, ümumiyyətlə, xalqın alqışını doğurar,” hüquq müdafiəçisi qeyd edir.

Bundan öncə də bir çox hüquq müdafə təşkilatları və Müsavat Partiyası “qızıl amnistiya” təklifi ilə çıxış edib.

Hüquq müdafiə təşkilatları bildirir ki, AŞPA-nın 2012-ci il tarixli 1900 saylı qətnaməsində yer alan “siyasi məhbus” anlayışının meyarlarına uyğun tərtib etdikləri siyahılara görə, hazırda Azərbaycanda 200-dək siyasi məhbus var.

SEE ALSO: Müsavat Partiyası “qızıl amnistiya” təklifi ilə çıxış edib

Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbusların olmadığını bildirir. Dövlət rəsmiləri insanların qanun qarşısında bərabər olduğunu, siyasi iradəsinə, tənqidi fikirlərinə görə insanların təqib edilmədiyini bəyan edir.

Prezident İlham Əliyev dəfələrlə ölkədə bütün fundamental hüquqların tam bərpa edildiyini bildirib.

Bununla yanaşı, Avropa Şurası Parlament Assambleyası bu ilin yanvarında Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib. Bu qurumda Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi fəaliyyət göstərir.

Amnesty İnternational ondan çox insanı vicdan məhbusu elan edib.