“Son zamanlar soydaşlarımızın müxtəlif formalarda ağır işgəncələrə məruz qalması, qanunsuz şəkildə total həbs edilməsi və vəhşicəsinə qətlə yetirilməsi ilə müşayiət olunan hadisələr baş verir.” Bu barədə Siyasi Məhbusları Müdafiə Mərkəzinin koordinatoru Oqtay Gülalıyev facebook səhifəsində yazıb.
Hüquq müdafiəçisi bildirir ki, bu hadisələr içində "Tərtər işi" (hərbçilərin işgəncələrlə öldürülməsi və uzun müddətə həbs edilməsi) və "Gəncə işi" (Elmar Vəliyevin güllələnməsi olayından sonra müəmmalı şəkildə 9 nəfərin öldürlüməsi və 77 nəfərin həbs edilməsi) çox ciddi hadisədir.
“Bu gün yüzlərlə ailə, minlərlə insan həmin qətliamların, ağır işgəncələrin və kütləvi həbslərin əzabını yaşayır.”
SEE ALSO: Sevinc Sərxani: "Meyitdən imtina etməyim haqda ərizə yazmağı tələb edirlər"Hüquq müdafiəçisi hesab edir ki, hər iki işdə siyasi motivlər var və hər iki iş diqqətlə araşdırılmalıdır.
"Artıq biz Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) olaraq hər iki işin araşdırılması istiqamətində fəalliyyətə başlamışıq. Və ilkin olaraq xeyli məlumatlar əldə etmişik. Yaxın günlərdə `Tərtər işi` ilə bağlı ilk qənaətimi sizlərlə bölüşəcəm. 'Gəncə işi' ilə bağlı öldürülən və həbs olunan şəxslərin yaxınlarını çox ciddi şəkildə qorxudur və təhdid edirlər ki, bizlərlə, vətəndaş cəmiyyəti fəalları, mətbuatla əlaqəyə girməsinlər. Hər hansı məlumat paylaşmasınlar. Guya hər şey yaxşı olacaqmış. Amma artıq 'yaxşı olacaq' işlərin ilk simptomları görünməkdədir. Fevralın 22-də Gəncə Ağır Cinayətlər Məhkəməsində 11 nəfərə ağır cəza veriblər - 7.6 ildən 9 ilə kimi onları azadlıqdan məhrum ediblər. Hazırda Sabunçu rayon Məhkəməsində 3 qrup üzrə məhkəmə prosesi başlayıb,” o qeyd edib.
SEE ALSO: Hüquq müdafiəçiləri işgəncələrlə bağlı dinləmələr keçirib
Müstəqil mətbuatı, ictimai- siyasi fəalları, vicdanlı insanları `Tərtər işi` və `Gəncə işi` ilə bağlı susmamağa, baş verənləri ciddi şəkildə araşdırmağa çağırıram.Oqtay Gülalıyev, hüquq müdafiəçisi
Gülalıyev yazır ki, "Gəncə işi" ilə bağlı qoxudulan və ya aldadılan vətəndaşlar bilsinlər ki, onlara verilən vədlər boş və yalandır.
“Bu günki məhkəmə qərarı da onu sübut edir. Nə qədər gec deyil, bizimlə, vətəndaş cəmiyyəti ilə əməkdaşlıq etsinlər. Həqiqətləri deyib, məlumatları paylaşsınlar. Müstəqil mətbuatı, ictimai-siyasi fəalları, vicdanlı insanları 'Tərtər işi' və 'Gəncə işi' ilə bağlı susmamağa, baş verənləri ciddi şəkildə araşdırmağa çağırıram”, hüquq müdafiəçisi qeyd edir.
Sosial şəbəkələrdə həmçinin Tərtər rayonunda həbs edilərək işgəncələrə məruz qaldığı bildirilən hərbçilərin ailə üzvlərinin müraciətləri yayılmaqdadır. Onlar son günlər Azərbaycanın Prezident Administrasiyasının, prokurorluğun binaları qarşısına toplaşaraq şikayətlərini bildiriblər
Validə Əhmədova Facebook-da yayılan müraciətində bildirir ki, oğlu ağır işgəncə ilə öldürülüb.
Oğlumu iki gün lapatka sapı ilə döyüb öldürüblər.Validə Əhmədova, öldürülən hərbçinin anası
“Mənim oğlumu heç bir əsas olmadan işgəncə ilə öldürüblər. Oğlumu iki gün lapatka sapı ilə döyüb öldürüblər. Mən qatığı, pendiri, südü əlimdə 7 kilometr yolu piyada apararaq satıb balamı saxlamışam. Mən hökumətdən var-dövlət, pul istəmirəm. Mən oğlumun ölümünün araşdırılmasını, haqq-ədalət tələb edirəm,” ana göz yaşları içərisində fəryad edir.
Əhmədova Prezident Administrasiyasnın binası qarşısında sənədlər nümayiş etdirir və bu zaman onunla birgə olan digər hərbçilərin ailə üzvləri də eyni sözləri təkrar edir.
Öz növbəsində, Azərbaycan rəsmiləri ölkədə fundamental hüquqların tam təmin edildiyini, insanların qanun qarşısında bərabər olduğunu bəyan edir. Rəsmi Bakı qanunsuz həbslər, işgəncələr, istintaq zamanı insanların öldürülməsi ilə bağlı tənqidləri qəbul etmir və qərəzli sayır. Hüquq mühafizə orqanları tutulma zamanı insanların silahlı müqavimət göstərdiyi üçün öldürüldüyünü bildirir.
Baş prokuror Zakir Qaralov 2019-cu il yanvarın 4-də bildirib ki, 2018-ci il iyulun 3-də Gəncə şəhərinin keçmiş icra hakimiyyəti başçısı Elmar Vəliyevə qarşı sui-qəsdlə əlaqədar 18 nəfər cinayət məsuliyyətinə cəlb edilib, daha 11 nəfər barəsində axtarış elan edilib.
Onun sözlərinə görə, "radikal dindar" Yunis Səfərov 2018-ci il iyulun 3-də Gəncə şəhər icra hakimiyyəti başçısına və polis əməkdaşına qarşı planlaşdırılmış terror aktı həyata keçirib. Konstitusiya quruluşunun dəyişdirilməsi cəhdi, terrorizm ittihamı ilə açılmış cinayət işi üzrə 18 nəfər - mütəşəkkil cinayətkar qrupun üzvləri məsuliyyətə cəlb edilib. Daha 11 nəfər barəsində beynəlxalq axtarış elan edilib.
“Bu iş üzrə cinayət əməllərində əli olan digər şəxsləri müəyyən edilməsi üzrə intensiv əməliyyat-istintaq tədbirləri davam etdirilir", deyə baş prokuror Zakir Qaralov bildirib.
“Bundan başqa, Gəncədə Səfərovun "müdafiəsi üçün" iğtişaş təşkil edən 59 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Sözügedən cinayət işi çərçivəsində 36 nəfər barəsində materiallar (4 iş) artıq Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Digərləri barəsində istintaq davam etdirilir”, o qeyd edib.
2017-ci il mayın 7-də Azərbaycanın Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, müdafiə və daxili işlər nazirliklərinin birgə yaydığı bəyanatda deyilir ki, Ermənistanın xüsusi xidmət orqanlarına casusluqda günahlandırılan bir qrup hərbiçi və mülki şəxs tutulub.
Məlumatda vurğulanır ki, Ermənistan silahlı qüvvələrinin kəşfiyyat, xüsusi xidmət orqanları Azərbaycan ordusunun Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrinə qarşı genişmiqyaslı təxribat fəaliyyəti hazırlayıb.
Bu məqsədlə bir qrup hərbi qulluqçu və mülki şəxs Ermənistan kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda öz maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə qarşı tərəfə ötürüblər.
Bu il mayın 3-də Azərbaycan Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə cinayət işi başlanıb. Prokurorluq, müdafiə, daxili işlər nazirlikləri və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb. İbtidai istintaq aparılır.
“Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Ermənistan tərəfinin Bakı şəhərində ictimai yerlərdə həyata keçirməyi planlaşdırdığı təxribat və terror fəaliyyətinin qarşısı alınıb. Məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslər cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib”, bəyanatda bildirilir.