Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşüb.
Görüşdə ölkədə insan hüquqlarının durumu, Qeyri Hökumət Təşkilatlatlarının problemləri, hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı şəxslər və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu Amerikanın Səsinə bildirib ki, prezidentin köməkçisi ilə görüşdə ilk öncə QHT sektorunda problemlər diqqət mərkəzində olub.
“Biz QHT-lərin indiki çətin durumu, gələcək fəaliyyəti və donorlarla bağlı məsələləri qaldırdıq. Hacıyev bildirdi ki, QHT-lərlə və donorlarla bağlı məsələlər həllini tapacaq.”
Hüquq müdafiəçiləri həmçinin QHT-lərin hüquq mühafizə orqanları ilə birgə monitorinqlərin aparılması, əhalinin maarifləndirilməsində QHT-lərin rolunun artırılması, qadınlara qarşı zorakılıqlarla və nakotiklərlə bağlı maariifləndirmə işlərinin gücləndirilməsi məsələlərini diqqətə çatdırb.
Hüquq müdafiəçiləri həmçinin siyasi məhbus kimi tanıdıqları 38 nəfərin siyahısını prezidentin köməkçisinə təqdim edib.
“O bu istiqamətdə addımlar atılacağını dedi,” Cəfəroğlu qeyd edib.
Görüşdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası sədrinin müavini Vüsal Quliyev iştirak edib.
Rəsmi qurumlar bu görüşlə bağlı hələ məlumat yaymayıb.