İŞİD Yəməndə silsilə bomba partlayışları həyata keçirib

İŞİD yaraqlıları Yəmənin cənubunda təxminən 42 nəfərin ölümünə səbəb olan silsilə bomba partlayışlarına görə məsuliyyəti öz üzərinə götürüb.

Partlayışlar Mukalla liman şəhərində təhlükəsizlik qüvvələrini hədəf alıb. Hadisə gün batan saatlarda, əsgərlər müqəddəs Ramazan ayı iftar açan zaman baş verib.

Mukalla şəhəri aprel ayında hökumət tərəfdarı qüvvələr şəhəri ələ keçirənədək Əl-Qaidənin nəzarəti altında idi.

Yəməndə illərdir davam edən qeyri-sabitlik və hazırda hökumət qüvvələri ilə Huti üsyançıları arasında davam edən münaqişə yaraqlı qrupların ölkənin bəzi hissələrinin nəzarətinin ələ alması və hücumlar həyata keçirməsinə imkan yaradıb.

BMT Yəməndə nəzarəti ələ ala biləcək yeni milli birlik hökumətinin yaradılmasına nail olmaq məqsədilə sülh danışıqlarına vasitəçilik edir. Lakin hələlik bu istiqamətdə heç bir razılıq əldə edilməyib.

BMT-nin baş katibi Ban Gi Mun Yəmən hökuməti və Huti üsyançılarının nümayəndə heyətləri ilə görüş keçirərək, onları vəziyyətin daha da gərginləşməsinə imkan verməməyə çağırıb.