Əslən İran Azərbaycanının Ənzəli şəhərindən olan məşhur muğənni Huşəng Azəroğlu Türkiyədə vəfat edib.
Mərhumun dostu tanınmış muğənni Cavid Təbrizli sosial şəbəkədən Huşəng Azəroğlunun ölüm xəbərini açıqlayıb.
Huşəng Azəroğlunun uzun müddət ağır xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
İran İslam inqilabından sonra Türkiyədə sakin olan Huşəng Azəroğlu "Sizə Salam Gətirmişəm" və "Olmaz, olmaz olmaz" mahnıları ilə şöhrət qazanmışdı. O, 1985-ci ildə Türkiyə prezidenti Turgut Özaldan Qızıl Kəpənək mükafatına layiq görülmüşdü.
Azərbaycanın görkəmli sənətkarı Mustafa Payanın şagirdi olan Azəroğlu dəfələrlə Kanada, İngiltərə, Fransa, Amerika və Türkiyə ölkərlərində konsert vermişdi.
Ustad Azəroğlu 1938-ci ildə dünyaya gəlib, 13 yaşında ana və atasını itirib.
Gənc ikən Bakı radiosundan yayımlanan Azərbaycanın muğam musiqisindən xüsusi ilə "Xan Əmi" və "Cabbar Qaryağdıoğlu" ifalarından təsirlənir. O, "Vəli Vahid" və "Məşədi Salamat" kimi musiqi ustadlarından muğənnilik dərsi alır.
Azəroğlu, həmçinin 1979 İslam İnqilabından öncə İran kinosunda 20 filmdə rol oynayıb. İranlı məşhur aktyor Məhəmmədəli Fərdin ilə birlikdə Gənc-i Qarun filmində rol icraçısı olubdur.
Mərhum Azəroğlu idman sahəsində isə bir müddət İranın milli güləş komandasında görkəmli güləşçiləri, o cümlədən "Qulamrza Təxti" və "İmaməli Həbibi"nin rəqibi sayılırdı.
Mərhum Azəroğlunun Azərbaycan musiqisinə olan yüksək marağından dolayı aktyorluq və idmançılıq sahələrindən imtina edərək həyatını muğənnilik sənətinə həsr etmişdir.
O, həmçinin Azərbaycanın məşhur muğənniləri, o cümlədən Zeynəb Xanlarova, Ağaxan Abdullayev, Ramiz Quliyev, Arif Babayev və Rəşid Behbudov kimi musiqi ustadları ilə birgə konsertlər vermişdi.