Tanınmış video-blogger Hüseyn Əzizoğlu saxlanılıb [Video]

Video-blogger Hüseyn Əzizoğlu

Onun polisi tənqid edən çoxsaylı videoları var

Videobloqçu Hüseyn Əzizoğlunu polis saxlayıb.

Bu haqda AzadlıqRadiosuna onun dostu xəbər verib.

Hüseyn Əzizoğlu sosial şəbəkələrdə qısa videoların müəllifi kimi tanınır. O öz videolarını Facebookda yaratdığı "Üç Üz" adlı səhifədə paylaşırdı. Həmin videolarda xaricdə və Azərbaycanda baş verən müxtəlif hadisələri təsvir edirdi.

O, sonuncu belə videolarından birini yanvarın 7-də paylaşıb. Həmin videoda xaricdə bir fokusçu ilə Azərbaycanda vətəndaşın cibindən "narkotik çıxaran" polisi fokusçu kimi göstərib.

Sosial şəbəkələrdə Hüseyn Əzizoğlunun məhz həmin videoya görə tutulduğunu yazırlar.

Amma onun polisi tənqid edən çoxsaylı videoları var.

Onun nəyə görə saxlanması barədə hələ ki, hər hansı rəsmi məlumat yoxdur.

Bloqçunun anası isə deyib ki, Hüseyni "məhlədəki davaya görə tutublar, videolarına görə deyil".