Beril qasırğası Karib hövzəsinə doğru irəliləyir

Beril qasırğası güclü küləklərlə müşayiət olunaraq, Barbadosda Brictaun şəhərinin sahilində Karlayl körfəzinə çatıb, 1 iyul 2024.

Beril qasırğası Atlantik Okeanının rekord isti sularının təsiri ilə təhlükəli 4-cü kateqoriya çevrilərək, Karib hövzəsinə doğru irəliləyir.

Barbados, Qrenada, Sent Lusia, Tobaqo, Sent Vinsent və Qrenadinlərdə qasırğa xəbərdarlığı qüvvədədir.

Dominikan Respublikası, Haiti, Yamayka və Kayman adalarına da qasırğaya diqqət yetirməklə bağlı xəbərdarlıq edilib.

Barbadosun paytaxtı Brictaunda avtomobillər yanacaqdoldurma məntəqələrində növbəyə düzülür, müştərilər isə ərzaq, su və ləvazimat üçün supermarketlərə üz tutur.

İyulun 1-nə olan məlumata görə, qasırğa Qrenadadan təxminən 125 kilometr şərqdə olub. Qasırğa küləklərin sürəti saatda 215 kilometrə çataraq, saatda 31 kilometr sürətlə qərb-şimal-qərb istiqamətində hərəkət edib.

Bazar günü 4-cü kateqoriyaya çatan Berli bir az zəiflədikdən sonra yenidən güclənib. Fırtınanın gücünün dəyişkən olacağı proqnozlaşdırılır.

Milli Qasırğa Mərkəzinin və Mərkəzi Sakit Okean Qasırğa Mərkəzinin məlumatına görə, fırtına "son dərəcə təhlükəlidir" və "küləkli adalarda quruya yaxındır".

Beril cəmi 42 saat ərzində tropik fırtınadan böyük bir qasırğaya çevrilib. Bu, Atlantik okeanındakı qasırğalar tarixində yalnız altı dəfə baş verib. Qasırğa həm də Atlantik okeanında 4-cü kateqoriya statusuna çatan ən erkən qasırğadır. Dennis qasırğası 2005-ci il iyulun 8-də 4-cü kateqoriyaya çatmışdı.

Sinoptiklər bəzi ərazilərdə suyun səviyyəsinin 3 metrə qədər artacağını proqnozlaşdırıb. Onlar həmçinin 7,6-15 santimetr, bəzi rayonlarda isə 25 santimetr yağış yağdığını qeydə alıb.