Aclıq edən güneyli məhbusların sağlıq durumu yaxşı deyil

Behnam Şeyxi və Yürüş Mehrəlibəyli

İnsan haqları təşkilatları və Azərbaycan veb səhifələrinin yaydığı məlumata istinadən, Təbriz Mərkəzi zindanı və Tehranın Evin həbsxanasında aclıq aksiyasına davam edən güneyli məhbuslar Yürüş Mehrəlibəyli (Ayət) və Behnam Şeyxinin sağlıq durumları ilə bağlı narahatlıqlar artmaqdadır.

İranda insan haqları pozuntuları haqqında məlumat yayan HRA agentliyi iki həftədən artıqdır aclıq aksiyasına başlamış tehranlı türk fəal Behnam Şeyxinin səhhətinin ağırlaşdığını yazıb.

Fevral ayında Tehranda keçirilmiş Ana Dili Günü tədbirləri ilə əlaqədar nəzarət altına alınmış Şeyxi qanunsuz həbs və məhkəmə prosesinə etiraz olaraq aclıq etdiyini bildirib.

Behnam Şeyxi ötən illərdə də Urmiyə Gölü ilə bağlı etirazlara qatıldığı üçün həbs və mühakiməyə məruz qalıb.

Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatı (Yeni GAMOH) təşkilatının veb səhifəsi isə üç həftə öncədən aclıq edən təşkilatın Mərkəzi Komitəsinin üzvü Yürüş Mehrəlibəylinin sağlığının təhlükədə olduğunu qeyd edib.

Yeni GAMOH-u veb səhifəsində Mehrəlibəylinin ailəsinə istinadən yazılıb: “Mehrəlibəylinin ailəsi onunla dünən may ayının 6-da Təbriz zindanında görüşüb. Ailə üzvlərinin dediklərinə görə, məhbusun vücüdu cidd şəkildə zəifləyib və mədə ağrısından əziyyət çəkir. O ağrının çoxluğu üzündən yata bilmir.”

Son vaxtlar özləri və ailələrinə qarşı tətbiq edilən basqılar və təhdidlərə etiraz olaraq aclıq edən azərbaycanlı məhbusların sayı çoxalıb.

Həmçinin ötən həftələrdə tanınmış jurnalist və dil hüquqları fəalı Səid Mətinpur, milli fəal Mahmud Fəzli, əmək fəalı Şahrux Zamani, öyrənci fəal Arəş Məhəmmədi, məhbus musiqiçi İsmayıl Bərzgəri və təbrizli həkim Əsədüllah Əsədi aclıq aksiyası keçiriblər.