Macarıstanın Baş naziri Viktor Orbanın mətbuat katibinin cümə günü bildirdiyinə görə, Orban Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya səfər edib. Bu, Rusiyanın iki il öncə Ukraynaya hərbi müdaxiləsindən bəri Avropa liderinin Rusiyaya nadir səfəridir.
Orbanın səfəri onun Ukraynaya elan edilməmiş oxşar səfərindən bir neçə gün sonraya təsadüf edib. Orada o, prezident Volodimir Zelenski ilə görüşərək, Ukraynaya Rusiya ilə atəşkəs razılaşmasını nəzərdən keçirməyi təklif edib.
Bütün Avropa İttifaqı liderləri arasında Vladimir Putinlə ən yaxın münasibətdə olaraq görülən Macarıstanın Baş naziri Avropa İttifaqının Ukraynaya yardımını və müharibəyə görə Moskvaya qarşı sanksiyalar tətbiq etmək səylərini müntəzəm olaraq ya əngəlləyib, ya gecikdirib, ya da zəiflədirb. O, uzun müddətdir Ukraynada hərbi əməliyyatların dayandırılmasını müdafiə etsə də, bunun ölkənin ərazi bütövlüyü və ya gələcək təhlükəsizliyi üçün nə demək ola biləcəyini açıqlamayıb.
Macarıstanın bu mövqeyi Rusiyanın hərbi müdaxiləsini beynəlxalq hüququn pozulması və Şərqi Avropa ölkələrinin təhlükəsizliyinə təhdid kimi qiymətləndirən Avropa İttifaqı və NATO müttəfiqlərini məyus edib.
Orbanın mətbuat katibi Bertalan Havasi cümə günü elektron poçtla bildirib ki, Macarıstan liderinin səfəri onun "sülh missiyasının bir hissəsidir" - bu da, Rusiyanın 2022-ci ilin fevral ayında genişmiqyaslı hərbi müdaxiləyə başlamasından bəri populist liderin sülhməramlı obrazını əks etdirir. Macarıstanın xarici işlər naziri Peter Siyarto da bu səfərə qatılıb. Nazir bunu öz Facebook səhifəsində yazıb.
Macarıstan ayın əvvəlində Avropa İttifaqı Şurasına altı aylıq sədrlik vəzifəsinə başlayıb. Bu, blokun siyasət gündəmini formalaşdırmaq üçün istifadə oluna bilən böyük ölçüdə rəsmi bir roldur. Orban bu vəzifədən Ukraynadakı döyüşlərə son qoymaq üçün istifadə etmək istədiyini bildirib.
Kremlin sözçüsü Dmitri Peskov cümə günü Rusiya dövlət televiziyası müxbirinə Orban və Putinin görüşü zamanı Ukraynanın gündəmin mövzuları arasında olacağını təsdiqləyib.
Avropa İttifaqı rəsmiləri Orbanı Putini ziyarət etdiyinə görə kəskin tənqid edib. Belə ki, Rusiya hərbi müdaxilə başlayandan bəri yalnız bir Avropa lideri bunu edib.
Blokun xarici siyasət rəhbəri Cosep Borrell verdiyi açıqlamada Orbanın Moskvaya səfərinin "yalnız Macarıstan və Rusiya arasındakı ikitərəfli münasibətlər çərçivəsində baş tutduğunu" deyib.
"Baş nazir Orban Moskvaya səfər etmək üçün Avropa İttifaqı Şurasından heç bir mandat almayıb. Avropa İttifaqının Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi ilə bağlı mövqeyi Avropa Şurasının bir çox qətnaəməsində öz əksini tapıb. Bu mövqe ittifaqla prezident Putin arasında rəsmi əlaqələri istisna edir. Beləliklə, Macarıstanın baş naziri Avropa İttifaqını heç bir formada təmsil etmir" - deyə, Borrell bildirib.