Human Rights Watch Şuşada kilsənin vurulması ilə bağlı ayrıca hesabat yayıb

Human Rights Watch insan haqları təşkilatı oktyabrın 8-də Şuşa şəhərində kilsənin vurulmasıyla bağlı ayrıca hesabat yayıb. Dekabrın 16-da açıqlanmış hesabatda hücumun Azərbaycan qüvvələri tərəfindən gerçəkləşdiyi, bunun məqsədyönlü hücum kimi göründüyü, müharibə qanunlarının pozuntusu olduğu bildirilir.

Oktyabrın 8-də Şuşadakı kilsəyə bir neçə saatlıq fasilə ilə iki dəfə zərbə endirilib. Qurum bildirir ki, mədəni əhəmiyyəti olan mülki obyekt məqsədyönlü hədəfə çevrilib, baxmayaraq ki, onun hərbi məqsədlər üçün istifadə olunduğuna dəlil olmayıb.

“Kilsəyə iki hücumun məqsədli olduğu görünür, ikinci hücum zamanı orada jurnalistlər və dinc sakinlər olub. Bu hücumlar qərəzsiz araşdırılmalı, günahkarlar məsuliyyətə cəlb olunmalıdırlar”, – qurumun Avropa və Orta Asiya üzrə direktoru Hyu Uilyamson deyib.

Human Rights Watch təşkilatının Avropa və Orta Asiya diviziyasının direktor müavini Reyçel Denber Amerikanın Səsinə müsahibədə hücumun oktaybrın 8-də həyata keçirildiyini bildirib.

“Biz apardığımız araşdırma nəticəsində hücumun idarə oluna bilən silahla gerçəkləşdiridliyini müəyyən edə bildik. Bu və bir neçə başqa amilllər bizim bunun hədəfli hücum olduğuna dair nəticəyə gəlməyimizə imkan verdi,” o deyib.

Reyçel Denber Human Rights Watch təşkilatının təhqiqatçılarının Şuşadakı kilsədə silahın qalıqlarını aşkar etdiyini bildirib. “Silahın qalıqları onun mülki obyektləri hərbi hədəflərdən ayırd edə bilməyən raket olduğunu göstərdi. Biz bu silahın idarə oluna bildiyini müəyyən etdik. Mülki bir obyektin, kilsənin idarə oluna bilən silahla hədəf alınması onu göstərir ki, məqsəd elə kilsəni vurmaq idi,” Denber bildirib.

“Onlar bizim məscidlərdə donuz saxlayırlar”

Sözügedən hesabata Azərbaycan rəsmiləri hələlik, münasibət bildirməyib. Ancaq Prezident İlham Əliyev qeyd edib ki, kilsə yanlış olaraq hədəfə alına bilərdi, “hərbi hədəflər arasında olmayıb”.

“Mən dəfələrlə demişəm, bu, ya bizim artilleriyanın səhvidir, ya da bu, ermənilərin özləri tərəfindən qəsdən edilmiş bir təxribatdır”, – prezident noyabrın əvvəlində “BBC News”a müsahibəsində deyirdi. Dövlət başçısı işğal olunmuş ərazilərdə Azərbaycan məscidlərinin durumunu da yada salmışdı:

“Onlar hamısı dağıdılıb. Onlar bizim məscidlərdə donuz saxlayırlar. Azad edilmiş Zəngilandakı məsciddən bu yaxınlarda çəkilmiş videogörüntüdə onların orada donuz saxladıqları göstərilir”.

Xatırlatma

Hücum baş verən zaman Şuşa erməni qüvvələrin nəzarətində idi. Azərbaycan noyabrın 8-də mədəniyyət və musiqi beşiyi hesab olunan bu şəhərə nəzarəti yenidən ələ aldı. 8 noyabr bundan sonra ölkədə Zəfər günü kimi qeyd olunacaq.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlayıb. Azərbaycan noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni, Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqlayıb. Noyabrın 10-da açıqlanmış atəşkəs bəyanatına əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

AzadlıqRadiosu