Human Rights Watch Yalçın İmanovun vəkillikdən uzaqlaşdırılmasından yazır

Yalçın İmanov

Qurum hakimiyyəti vəkillərin və jurnalsitlərin qorxusuz mühitdə işləməsi üçün götürdüyü öhdəliklərə əməl etməyə çağırır

“Hər hansı bir vəkil müştərisinin həbsdə döyüldüyünü iddia edirsə, bunun, ən yaxşı halda, qurbandan ötrü ədalətin təmin olunması, ən pis halda isə heç bir tədbirin görülməməsiylə sonuclanmasını gözləyə bilərsiniz. Azərbaycanda isə ən pis nəticə bundan da betərdir. Heç nə dəyişməsə, tanınmış vəkil Yalçın İmanov müştərisinin həbsdə döyülməsini ictimailəşdirdiyinə görə kollegiyadan uzaqlaşdırıla bilər”.

Bu barədə “Human Rights Watch” insan haqları təşkilatının Cənubi Qafqaz üzrə direktoru Giorgi Gogia yazır.

Müəllif Yalçın İmanovun 2007-ci ildən Vəkillər Kollegiyasının üzvü olduğunu, xeyli sayda hökumət tənqidçisinin, eləcə də araşdırmaçı jurnalist Xədicə İsmayılovanın, müxalifət fəallarının hüquqlarını müdafiə etdiyini vurğulayır.

Bu il avqustun əvvəlində Qobustan həbsxanasında məhkum Abbas Hüseynovu ziyarət edən vəkil daha sonra mediaya müsahibələrində müştərisinin içəridə dəfələrlə döyüldüyünü, işgəncəyə məruz qaldığını bildirib. Vəkil işgəncə izlərinin Hüseynovun bədənində qaldığını, onun çətinliklə otura və gəzə bildiyini qeyd edib.

Bir ay sonra Qobustan həbsxanasına baş çəkmiş Avropa Şurası rəsmisi buradakı durumu qəbuledilməz adlandırmış, eləcə də hakimiyyəti İmanovun müştərisinə işgəncə verilməsiylə bağlı məlumatları araşdırmağa çağırmışdı.

Vəkil İmanov baş prokorurluğa, ombudsman aparatına, məhkəməyə şikayət göndərsə də iddiaları əsassız sayılaraq araşdırmaqdan imtina edilib.

Elə İmanov şikayətləri verən gün Penitensiar Xidmətin rəis əvəzi Oqtay Məmmədov Vəkillər Kollegiyasına şikayət göndərərək, vəkilin hüquqlarını müdafiə etdiyi şəxsə istinadən onun işgəncəyə məruz qalması haqda məlumat yaymaqla sabitliyi pozmağa çalışdığını iddia edib. Vəkillər Kollegiyası Rəyasət Heyəti noyabrın 20-də Yalçın İmanovun bu qurumdan xaric olunması ilə bağlı məhkəməyə müraciət etmək haqda qərar qəbul edib. Məhkəmə qərar verənə qədər İmanovun vəkillik fəaliyyəti dayandırılıb.

“Şikayət verən qurbanlar daha ağır fəsadlarla üzləşə bilərlər. Martda məhkəmə populyar jurnalist və videobloqer Mehman Hüseynovu polisə böhtan atmaq ittihamıyla iki illik həbsə məhkum edib. Hüseynov da saxlanarkən məruz qaldığı işgəncəni ictimaiyyətə açıqlamışdı.

Azərbaycan hökumətinin işgəncə iddialarını araşdırmaq, vəkillər və jurnalistlərin qorxusuz, əngəlsiz və təqibsiz işləməsini təmin etmək öhdəliyi var. Hakimiyyət İmanovun kollegiyaya üzvlüyünü bərpa etməli, Mehman Hüseynova ittihamı ləğv edərək onu azadlığa buraxmalı və hər ikisinin hökumətin müdaxiləsi olmadan fəaliyyət göstərməsini təmin etməlidir”, Giorgi Gogia yazır.

İndiyədək bir neçə vəkil – Xalid Bağırov, Əlayif Həsənov və digərləri Kollegiyadan uzaqlaşdırılıb. Vəkillər bunu siyasi işlərə çıxmaları, yerli və beynəlxalq hüquq müdafiəçilərinin "siyasi məhbus" kimi tanıdığı şəxslərin hüquqlarını müdafiə etmələri ilə izah edib. Ancaq Kollegiya bunları təkzib edir.

Hakimiyyət təmsilçiləri isə ölkədə insan haqları pozuntuları ilə bağlı beynəlxalq qurumların iddialarını qəbul etmir, bütün təməl hüquq və azadlıqların tam qorunduğunu bildirir. Beynəlxalq insan haqları təşkilatlarının, eləcə də xarici medianın səsləndirdiyi tənqid və iradlarsa ölkəyə qarşı məqsədli qarayaxma kampaniyası kimi dəyərləndirilir.