Human Rights Watch: Hakimiyyət Tofiq Yaqublunu dərhal azad etməlidir

“Human Rights Watch” insan hüquqları təşkilatı Müsavat Partiyasının üzvü Tofiq Yaqublu ilə bağlı bəyanatında onun azad edilməsinə çağırır.

“Azərbaycan hakimiyyəti tanınmış müxalifət lideri və hökumətin tənqidçisi Tofiq Yaqublunu saxta xuliqanlıq ittihamları ilə həbs edib. Bu həbs prezident İlham Əliyevin çıxışından bir neçə gün sonraya təsadüf edir. Əliyevin çıxışından belə görünürdü ki, koronavirus pandemiyası ilə mübarizə üçün nəzərdə tutulmuş metodlardan müxalifətə divan tutulmasında istifadə olunacaq. Bu, hökumətin söz azadlığına, siyasi tənqidçilərinə nifrətinin daha bir narahatedici göstəricisidir,” qurumun martın 25-də yaydığı bəyanatda deyilir.

Təşkilat qeyd edib ki, keçmiş siyasi məhbus Yaqublu Müsavat Partiyasının üzvü, Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvüdür. O, Azərbaycanda insan haqları ilə bağlı narahatlığını tez-tez dilə gətirir.

Tofiq Yaqublu

“Azərbaycan hökumətinin tənqidçilərinin susdurmaqdan ötrü saxta ittihamlara əl atması kimi çoxdankı bir davranış nümunəsi mövcuddur. Yaqubluya qarşı işi tamamilə bu davranışa uyğundur,” qurumun Avropa və Orta Asiya üzrə direktoru Giorgi Qogia deyib.

Onun həbsindən bir neçə gün öncə prezident Əliyev xalqa müraciətində koronavirus pandemiyasının yaratdığı çətinliklərdən söz açıb. O, müxalifəti xain, düşmən, ölkədə sabitsizlik yaratmağa çalışan “beşinci kolon” adlandırıb.

"Prezidentin sözlərindən aşkar görünürdü ki, virusa qarşı mübarizədən yararlanaraq siyasi müxalifətə divan tutacaq," qurum bildirir.

Tofiq Yaqublu 2013-cü ildə İsmayıllıda baş verən etirazlardan sonra həbs olunub.

O həmin vaxt kütləvi iğtişaşlara çağırma və hakimiyyət nümayəndələrinə müqavimət göstərməkdə ittiham olunub.

2014-cü ildə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yaqublu 5 il müddətinə həbs edilib. O, 2016-cı ilin martında əfv sərəncamı ilə azadlığa çıxıb. Amma sonradan inzibati qaydada həbs həyatı yaşayıb. Həbsdə işgəncələrə məruz qaldığını açıqlayıb. Hərçənd, Daxili İşlər Nazirliyi işgəncə şikayətini əsassız sayıb.

Hakimiyyət təmsilçiləri ölkədə siyasi motivli həbslərin olmasını rədd edir, fərdlərin yalnız konkret cinayətlərə görə saxlandığını deyir. Hökumət ölkədə bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirir.

Tofiq Yaqublu bu il martın 22-də saxlanılıb və martın 23-də Bakının Nizami rayon Məhkəməsi Yaqublu barədə təqsirləndirilən şəxs qismində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Daxili İşlər Nazirliynin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, martın 22-də paytaxtın Nizami rayonu ərazisində Tofiq Yaqublunun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil Elxan Cəbrayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub. Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanılıb.

“Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək, Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib,” o qeyd edib.

Ailə üzvləri isə bildirib ki, Tofiq Yaqublunun avtomobilini dayanıqlı vəziyyətdə başqa bir avtomobil vurub. Bu zaman avtomobili vuran şəxs Tofiq Yaqubluya hücum edib. Tofiq Yaqublu avtomobilinin qapılarını bağlayaraq hücumdan yayına bilib.

Tofiq Yaqublunun qızı Nigar Həzi Facebook səhifəsində Yaqublunun avtomobilinin başqa vatomobil tərəfindən vurulmuş vəziyyətdə fotosunu yayıb. Fotoda Tofiq Yaqublunun atomobili yolun kənarında parklanmış vəziyyətdədir.

Tofiq Yaqublu saxlanmazdan öncə - martın 22-də saat 16 radələrində Facebook səhifəsində məlumat paylaşaraq ciddi təxribatla üzləşdiyini vurğulamışdı. "Dostlar, ciddi təxribatla üzləşmişəm. «8-ci kilometr bazarı»nda park halındakı maşınımı qəsdən, nümayişkaranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır," o yazmışdı.

“Human Rights Watch” bildirir ki, məhkəmənin belə abstrakt və əsassız ittihamlarla Yaqublu barədə həbs qətimkan tədbiri seçməsi Avropa İnsan Hüquqları Konvensiyasında nəzərdə tutulmuş qanunsuz həbsə qarşı təminatı pozur. Məhkəmələrdən tələb olunur ki, həbs qətimkan tədbirinə ən son vasitə kim əl atsınlar, bu, spesifik faktlarla əsaslandırılsın.

Üstəlik, Yaqublunun Şüvəlandakı 3 saylı təcridxanaya yerləşdirilməsi də, qurumun fikrincə, narahatlıq yaradır. Bu təcridxana həddən artıq dolu olması, natəmizliyi, zəif işıqlandırılması və zəif havalandırma sistemiylə ad çıxarıb. 2017-ci ildə ölkəyə səfərdən sonra Avropa Şurasının İşgəncələrin Qarşısının Alınması üzrə Komitəsi bu təcridxananın “mümkün qədər tez” bağlanmasını tövsiyə edirdi.

“Human Rights Watch” Yaqublunun ilk dəfə həbs olunmadığını, onun mütəmadi saxlandığını, pis rəftara məruz qaldığını, siyasi fəaliyyətini dayandırmaq üçün xəbərdarlıq aldığını qeyd edir.

“COVID-19 haqda vacib informasiyaları açıqlamaq, ictimaiyyətin əndişəsini sakitləşdirmək əvəzinə hökumət bu pandemiyadan tənqidçilərinə divan tutmaq üçün istifadə edir. Hakimiyyət Yaqublunu dərhal azad etməli, siyasi müxalifətə təzyiqləri dayandırmalı, Azərbaycanda yaşayanların səhhəti ilə məşğul olmalı, medianın öz işini azad və təhlükəsiz görməsinə imkan verməlidir”, Qogia vurğulayıb.