Human Rights Watch: 31 saat Azərbaycanda hava limanında saxlanıb

“Human Rights Watch” hüquq-müdafiə təşkilatı Cənubi Qafqaz üzrə tədqiqatçısı Giorgi Qogianın martın 30-da Bakıya buraxılmadığı cı 31 saat hava limanında saxlandığını qeyd edib. Giorgi Qogia iki hüquq müdafiəçisinin məhkəməsində iştirak etməyi planlaşdırırdı.

“Human Rights Watch” martın 31-də yaydığı bəyanatda bildirir ki, immiqrasiya rəsmiləri Qogianın pasportunu alıb, onu pasport zalında saxlayıb və 31 saatdan sonra onu Tbilisiyə aparan təyyarənin ekipajına təqdim ediblər. Təşkilat rəsmilərin heç bir izahat vermədiyini bildirib.

Georgi Qogia Bakı hava limanında saxlanması haqda bunları yazıb: “Özümü təhlükəli cinayətkar kimi hiss etməli oldum. Azərbaycanda bu belə olub:əgər insan hüquqları sahəsində işləyirsinizsə, siz təhlükəli cinayətkarsınız.”

Bu, birinci dəfədir ki, Azərbaycan hakimiyyəti “Human Rights Watch” təşkilatının əməkdaşını ölkəyə buraxmır. Qurum son bir ildə insan haqları fəallarının saxta ittihamlarla həbs olunduğunu, bir sıra müstəqil qrupların susdurulduğunu qeyd edir.

Georgi Qogia hüquqşünas İntiqam Əliyev və ictimai fəal Rəsul Cəfərovun məhkəmələrində iştirak etməyi planlaşdırırdı.