Human Rights Watch Azərbaycanda azad fikir məkanının məhdudlaşdırılması adlı hesabat açıqlayıb

Human Rights Watch Azərbaycanda azad fikir məkanının məhdudlaşdırılması adlı hesabat açıqlayıb

Hakimiyyət ona sərf etməyən jurnalistlərə qarşı mübarizədə cinayət təqibindən və fiziki gücdən istifadə edir. Onlarla jurnalist diffamasiya üzrə iddialar, həmçinin digər maddələrlə hüquq-mühafizə orqanları tərəfindən təzyiqlərə məruz qalır

“Azərbaycanda söz azadlığının məkanı getdikcə daralır. Hökumət söz azadlığına imkan vermir. Hakimiyyət ona sərf etməyən jurnalistlərə qarşı mübarizədə cinayət təqibindən və fiziki gücdən istifadə edir. Onlarla jurnalist diffamasiya üzrə iddialar, həmçinin digər maddələrlə hüquq-mühafizə orqanları tərəfindən təzyiqlərə məruz qalır. Bu orqanlar birbaşa medianın ictimai baxımdan önəmli məsələlərlə məşğul olmasına müdaxilə edir”. Bu barədə Human Rights Watch-ın Avropa və Mərkəzi Asiya regionu üzrə direktoru Reyçil Denber təşkilatın “Polis zorakılığı, qara siyahılar və həbslər: Azərbaycanda azad fikir məkanının məhdudlaşdırılması” adlı 94 səhifəlik hesabatı ilə bağlı “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib.

Xanım Denber bildirib ki, hökumət məhkum olunmuş jurnalistləri azadlığa buraxmalı və diffamasiyaya görə cinayət məsuliyyətini ləğv etməlidir. “Diffamasiyaya görə məsuliyyətin qalması istənilən məmurun jurnalistə və ya vətəndaş fəalına qarşı cinayət işinə təşəbbüs göstərməsinə imkan verir. Eyni zamanda, hökumət jurnalistlərə qarşı zorakılıq hallarını araşdırmalı, müqəssirləri cəzalandırmalıdır”.

Onun dediyinə görə, son üç ildə doqquz jurnalist siyasi sığınacaq axtarışı ilə ölkəni tərk edib. “Human Rights Watch uzun illərdir ki, Azərbaycanda söz azadlığının pozulmasını qeydə alır. 2010-cu ilin iyununda hesabatın hazırlanması zamanı mətbu nəşrlərin və radiostansiyaların 37 jurnalistinin və redaktorunun rəyi soruşulub”.
Direktor 1998-ci ildən Azərbaycanda rəsmi senzuranın ləğv edildiyini xatırladıb. “Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında söz azadlığı ilə bağlı öhdəlikləri var. Lakin hakimiyyət digər vasitələrdən istifadə edir. Əsassız məhdudiyyətlər aradan qaldırılmalı, xarici yayım şirkətlərinə yayımın bərpasına icazə verilməlidir. Diffamasiyaya görə cinayət məsuliyyəti söz azadlığı üçün yolverilməz risk yaradır və o, ləğv olunmalıdır. Şərəf və ləyaqətin qorunması ilə bağlı cinayət sanksiyaları əsassızdır, xüsusən söhbətin ictimai önəm daşıyan məsələlərdən getdiyi bir halda”.
Onun fikrincə, siyasətçilər və məmurlar barəsində tənqidə görə nəzarət, qeyri-rəsmi şəxslər barəsində tənqidə nəzarətdən daha böyükdür. “Repressiya ilə bağlı ən rüsvayçı nümunə kimi iki qəzetin təsisçisi və redaktoru Eynulla Fətullayevin, blogerlər Emin Milli və Adnan Hacızadənin həbsini göstərmək olar. Onlar 2009-cu ilin iyulunda restoranda baş vermiş dava ilə əlaqədar xuliqanlıqda ittiham olunaraq həbs edilib. Hadisə öncədən qurulmuş iş təsiri bağışlayır. Belə ki, onlar bloqlarda öz tənqidi çıxışları ilə tanınır. İyul insidenti isə onların YouTube saytında satirik çarx yerləşdirməsindən bir həftə sonra baş verib. Hakimiyyəti açıq şəkildə tənqid etməyə cəhd göstərən hər kəs zorakılıq, təhdid və təqib obyektinə çevrilməyə risk edir. Son zamanların bir sıra qanunverici və inzibati yenilikləri də ifadə azadlığına mənfi təsir göstərib. 2009-cu ilin martında qəbul olunmuş konstitusiya düzəlişlərinin sırasında şəxsin icazəsi olmadan jurnalistlərin çəkiliş aparmasını, ictimai yerlərdə onun fotosunun çəkilməsini qadağan edən müddəa da var”.
Xanım Denber ötən ilin əvvəlindən FM diapazonunda xarici radiostansiyaların yayımının qadağan edildiyini də yada salıb. “Nəticədə “Amerikanın səsi”, “Azadlıq” və BBC radioları yerli efirdən kənarlaşdırılıb. Azərbaycan hökumətinin ifadə azadlığı hüququnun təminatı sahəsində konkret beynəlxalq-hüquqi öhdəlikləri var. Görünür, hökumət hesab edir ki, söz azadlığının boğulması, jurnalistlərin qorxudulması yolu ilə özünə sakit həyatı təmin edə bilər”.