Honq Konq rəsmiləri aeroporta nəqliyyatı məhdudlaşdırıb

İğtişaş polisi

Honq Konq şənbə günü bu həftə sonu hava limanında nümayişlərin qarşısını almaq məqsədilə aeroporta nəqliyyatı kəskin şəkildə məhdudlaşdırıb.
Şəhrin mərkəzindən hava limanına gedən metro başqa heç bir dayanacaqda dayanmır.

Terminallara yalnız bileti olan insanların daxil olmasına icazə verilir.

Nümayişçilər ötən həftə aeroporta aparan yolları blok edəndən və metro stansiyalarında iğtişaşa səbəb olandan sonra rəsmilər bu həftə sonu bunun qarşısını almağa çalışır.

Avqust ayında etirazçıların terminalları zəbt etməsi nəticəsində Honq Konq hava limanı bağlanmışdı. Çin bu davranışı "terrora bənzər hərəkətlər" adlandırmış, bəzi nümayişçilər isə daha sonra üzr istəmişdi.

Hava limanına çıxış məhdudlaşdırıldığı üçün etirazçılar sentyabrın 7-də Honq Konqda alış-veriş mərkəzində şüarlar səsləndirib.

Honq Konq polisi hava limanında hazır vəziyyətdə etirazçıları gözləyir

Bu həftənin əvvəli Honq Konqun lideri Karri Lam hökümətinin Honq Konq sakinlərinin Çində mühakimə olunmasına icazə verəcək ekstradisiya qanun layihəsini rəsmi olaraq geri çəkdiyini elan edib.

Ekstradisiya qanun layihəsi iyun ayında kütləvi etirazlara səbəb olub. Lakin bundan sonra nümayişçilərin tələbləri genişlənərək tam demokratiya çağırışına çevrilib.

Bundan əlavə etirazçılar polis zorakılığı ittihamları ilə bağlı müstəqil istintaqın aparılmasına və etirazlar zamanı həbs olunanların şərtsiz azadlığa buraxılmasına, etirazlara iğtişaş damğası vurulmasına son qoyulmasına, habelə şəhər liderlərinin sakinlər tərəfindən seçilməsinə çağırır.

Mən münaqişələrin zoraklılıq olmadan həllini dəstəkləyirəm və mənim fikrimcə, başqa hər hansı bir şey fəlakət olar
Angela Merkel


Bir çox Honq Konq sakini Pekinin hakimiyyəti altında şəhərin muxtariyyətinin azaldığından narahatdır.

Çin Honq Konqun daxili məsələsi olduğunu bildirib və Britaniyanı orada iğtişaşa həvəsləndirməkdə günahlandırıb.

Almaniya kansleri Angela Merkel şənbə günü Çində deyib ki, o, səfəri zamanı Çin prezidenti Şi Tinsinpin və baş nazir Li Keqianqla görüşüb və onları etirazçılara qarşı zorakılıq tətbiq etməməyə çağırıb.

"Mən münaqişələrin zorakılıq olmadan həllini dəstəkləyirəm və mənim fikrimcə, başqa hər hansı bir şey fəlakət olar", Merkel deyib.