Honq Konq rəsmiləri iki aya yaxındır nümayişlər keçirən etirazçıların qurduğu barrikadaları küçələrdən yığışdırıb.
Polis qüvvələr şəhərin Monq Kok rayonundakı Arqil küçəsində nəqliyyata əngəl olacaq bütün maneələri aradan qaldırıb.
Nümayişçilər rəsmilərin qarşısını almağa cəhd göstərməyib, bunun əvəzinə polis qüvvələrinin yanında şüarlar səsləndirib. Lakin daha sonra polisə mane olmağa çalışan bəzi nümayişçilər həbs edilib.
Bu, artıq ikinci dəfədir ki, rəsmilər məhkəmə qərarına əsaslanaraq küçələri təmizləməyə cəhd göstərib.
Yerli mətbuatın məlumatına əsasən rəsmilər Monq Kok rayonunun böyük hissəsini barrikadalardan təmizləməyi planlaşdırırlar.
Nümayişlərdə iştirak edən insanların sayı gedərək azalır. Təşkilatçılar "Zəbt et" hərəkatı adlandırdıqları nümayişlərə insanları cəlb etməkdə çətinlik çəkirlər.
Hərəkatın liderlərindən üçü bildirib ki, onlar gələn ay nümayişləri qeyri-qanuni adlandıran hökumət rəsmilərinə təslim olmağı planlaşdırırlar.