Suriyanın Homs şəhərində iki intiharçı hücumu nəticəsində kəşfiyyat orqanlarının yüksək səviyyəli bir zabiti də daxil olmaqla 42 nəfərin öldüyü bildirilir.
Suriyada İnsan Hüquqlarını Müşahidə qrupunun verdiyi məlumata görə, dövlət təhlükəsizlik və hərbi kəşfiyyat idarələrinin qərargahları qarşısında azı altı hücumçu özünü partladıb.
Əl-Qaidə ilə əlaqəsi olan qrup hücuma görə məsuliyyəti öz üzərinə götürürərək, beş militantın Homsda güclü mühafizə olunan binalara hücum etdiyini bildirib.
Homs son üç ilə yaxındır bütünlüklə hökumətin nəzarəti altındadır.
Cümə günü Suriyanın şimalında Əl-Bəbdə maşına yerləşdirilmiş partlayıcılarla törədilmiş daha iki intiharçı hücumu zamanı 65 nəfər ölüb. Yerli media və Türkiyə rəsmilərinin verdiyi məlumata əsasən, ölənlər arasında çox sayda mülki vətəndaş, üsyançı qüvvələrin döyüşçüləri və Türkiyənin iki əsgəri olub.
Birinci hücuma görə məsuliyyəti öz üzərinə İŞİD götürüb. Terrorçu qrup tərəfdarı olan Amaq xəbər agentiyi hücum zamanı Türkiyənin beş əsgəri və 60 üsyançı döyüşçünün öldürüldüyü haqda məlumat verib.
Müşahidəçilərin bildirdiyinə görə, İŞİD Əl-Bəbdə mövqelərini itirdikcə, Türkiyə hərbi qüvvələri və Suriya üsyançıları ilə rəqabət apara bildiyini göstərmək üçün bu kimi intiharçı hücumlar keçirməyə davam edəcək.