Benyamin Netanyahu Holokost anım mərasimində çıxış edib

İsrailin baş naziri Benyamin Netanyahu İsrail və yəhudiləri məhv etmək istəyənlərin özlərinin məhv ediləcəyini bildirib.

Netanyahu Qüdsdə “Yad Vaşem” memorialında Holokost Xatirə Günü münasibətilə çıxış edib.

O deyib ki, Holokost hadisələri ona daim tədbirli olmağı öyrədib və bu hadisənin təkrarlanmaması üçün sayıq olmaq hər bir İsrail baş nazirinin “ali vəzifəsi” olmalıdır.

Yəhudilərə qarşı nifrət hazırda yəhudi dövlətinə yönəlib.
Benyamin Netanyahu

Lakin o, bəzi hadisələrin dünyanın alman nasistlərinin yəhudiləri yer üzündən silmək cəhdindən ibrət götürmədiyini göstərdiyini bildirib.

“Qərbdə yenidən peyda olan antisemitizmlə yanaşı yəhudilərə qarşı digər bir sərt nifrət mənbəyi şərqdən gəlir. Belə ki, İran və İŞİD tərəfindən idarə edilən iki radikal İslam antisemitizmi açıq-aydın bizi məhv etməyə çalışır. Yəhudilərə qarşı nifrət hazırda yəhudi dövlətinə yönəlib. Yeni-köhnə antisemitizm Qərb dairələrində, eyni zamanda Birləmiş Millətlər Təşkilatında da geniş yayılıb,” deyə Netanyahu bildirib.

Mərasimdə hadisə qurbanlarının ruhuna həsr olunmuş ənənəvi Qaddiş yəhudi himni oxunduğu an altı məşəl yandırılıb.

İsraildə hər il keçirilən Holokost xatirə mərasimi bazar ertəsi də davam edir və yerli vaxtla səhər saat 10-da bütün ölkə Hitler soyqırımının qurbanlarının xatirəsini iki dəqiqəlik sükutla anır.