Malayziya təyyarəsinin vurulması nəticəsində həlak olanların cəsədlərini daşıyan qatar Ukraynanın Xarkov şəhərindən Hollandiyaya yola düşüb. Hollandiya hökuməti ölkədə matəm elan edib.
Həlak olan 298 sərnişinin əksəriyyəti Hollandiya vətəndaşlarıdır. Hollandiyanın tibbi ekspertiza komandasının rəhbəri Jan Tuinder soyuducu qatarda yalnız 200 cəsədin olduğunu bildirib.
Avstraliyanın baş naziri Toni Abbott cəsədlərin bəzilərinin hadisə yerində qaldığının ehtimal edildiyini deyib.
Britaniya təyyarənin iki məlumat qutusunun əlində olduğunu bildirib.
ABŞ rəsmiləri təyyarənin rusiyapərəst separatistlər tərəfindən SA-11 raketi ilə səhvən vurulduğunu deyir. Kəşfiyyat rəsmiləri Rusiyanın təyyarənin vurulmasında bilavasitə rolu olduğuna dair dəlillər əldə edilmədiyini bildirir.
Son günlər ABŞ, Ukrayna və Avropa ölkələri Moskvanı separatistlləri silahla təmin etməkdə günahlandırır.
Rusiya prezidenti Vladimir Putin isə hadisə ilə bağlı əhatəli araşdırma aparılması üçün bütün imkanlara yol açacağına vəd verib.