Hindistanda lisenziyasız spirtli içkidən 100 nəfərə yaxın insan ölüb

Hindistanda qeyri-qanuni şəkildə istehsal edilmiş spirtli içkidən 100 nəfərin öldüyü bildirilir.

Rəsmilərin sözlərinə görə, hal-hazırda həmin spirtli içkidən zəhərlənən onlarla insan xəstəxanalara yerləşdirilib.

Ölüm halları Uttar Pradeş və Uttaraxand ərazilərində baş verib. Rəsmilər qeyri-qanuni istehsalçılarının içkiyə ucuz, amma zəhərli alkoqol növü olan metanol əlavə etməsində şübhələnirlər.

Polisin şübhəli qismində səkkiz nəfəri saxladığını bildirən Associated Press əlavə edir ki, vilayət hökumətləri 12 polis daxil olmaqla, 35 nəfəri işdən azad edib.

Rəsmilər son günlərdə ölümcül spirt qarışığını satmağa cəhd etdikləri üçün ümumi sayı 3000 nəfərə yaxın insanın həbs edildiyini deyir.

Associated Press xəbər agentliyinin bildirdiyinə görə, Hindistanda qeyri-qanuni şəkildə istehsal edilən spirtli içkilərə görə ölüm halları geniş yayılıb. Çox sayda yoxsulun yaşadığı ölkədə insanların lisenziyalı içki məhsulları almaq imkanları yoxdur.